SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtda istənilən məbləğdə dollar alışı mümkündür. Azərbaycandakı banklarda dolların satışına limit aradan qaldırılıb.

BAKU.WS-in məlumatına görə, "Nikoil Bank"ın xəzinədarlıq departamentinin direktoru Bəhruz Nadirov  APA TV-yə deyib ki, son günlər Azərbaycanın valyuta bazarında əhəmiyyətli dəyişiklik baş verib. İlk növbədə Mərkəzi Bank tərəfindən marja həddi ləğv edilib və Azərbaycan manatı tam üzən məzənnəyə keçib. Onun sözlərinə görə, bankda valyuta satışı üzrə heç bir limit yoxdur: "Mübadilə əməliyyatları alış zamanı 10 min ABŞ dolarından yuxarı vəsait olduqda, şəxsiyyət vəsiqəsi əsasında aparılır. Satış əməliyyatları isə 500 ABŞ dollarından artıq vəsait olduqda, yenə şəxsiyyət vəsiqəsi ilə aparılır. Məzənnə Mərkəzi Bankın rəsmi məzənnəsi əsas götürülərək bazar şəraitinə uyğun olaraq alış və satış üzrə müəyyənləşdirilir. Müştərilərlə sərbəst şəraitdə ticarət aparılır".

Üz tutduq "Bank Respublika"ya. Çəkiliş aparmaq üçün məlumat şöbəsinə yaxınlaşdıq. Bizi çox gözlətmədilər. Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Bayramovla görüşdük. Mütəxəssis mübadilə şöbələrində heç bir ajiotaj yaranmadığına və gün ərzində valyuta satışında heç bir problemin yaşanmadığına diqqət çəkdi: "Ötən həftənin ortalarından dollar və avro valyutasının satışı "Bank Respublika"da bərpa olunub.  İlk günlərdə adambaşına 5 min dollar satılırdı. Təxminən iki gün sonra isə dollar və avronun satışına heç bir məhdudiyyət tətbiq edilmədi".

Prosedur qaydası isə eynidir, alış-satış şəxsiyyət vəsiqəsi ilə gerçəkləşdirilir. Fürsətdən istifadə edib müştərilərin də fikrini öyrəndik. Onların arasında valyuta mübadiləsindən heç xəbəri olmayan da, razı olan və narazı qalanla da rastlaşdıq.

İqtisadçı ekspert İlham Şabanın da məsələyə münasibətini öyrəndik: "Baxmayaraq ki, 4 faizlik limit aradan qalxdı, amma demək olmaz ki, müştəri məmnunluğu var. Nəyə görə? Çünki yenə də banklar bir maliyyə institutu olaraq müştərini istənilən məbləğdə dollarla təmin etmək iqtidarında deyil".

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən digər kommersiya banklarında - "Unibank", "AzərTürkBank" və "Xalq Bank"da çəkiliş aparmağa icazə verilməyib.
 
BAKU.WS