SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank (MB) ölkədən kənara valyuta çıxarılmasına limit qoyulması ilə bağlı açıqlama yayıb. Bu gündən Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılmasında yeni qaydalar qüvvəyə minib.

Yeniliyə görə, bundan sonra  xaricə pul  köçürmələrində tətbiq edilən limit azaldılıb. Belə ki, indiyə qədər bir fiziki şəxs hesab açmadan və şəxsi məqsədlər üçün 10 min dollar məbləğində pul çıxara bilərdi. Bunun  üçün  bəyənnamə təqdim etməli idi. Ay ərzində 50 min dollar çıxaranda isə deklarasiya təqdim edilməli idi. Yeni qaydaya görə, aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 ABŞ dolları, ay ərzində isə cəmi 10 000 dollar çıxarılmasına icazə verilir.

Ekspertlər hesab edirlər ki, ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması idxal olunan məhsullarının ölkəyə gətirilməsində problemlər yaradacaq. Maliyyə eksperti Ramin Rəhimov fins.az-a açıqlamasında bildirib ki, MB-nin bu addımı investisiya portfelinin qarşısını almaq məqsədi daşıyır.  Bununla manatın möhkəmlənməsinə nail olmağa çalışılır.

Ekspert bununla xaricdən gətirilən istehlak məhsullarının qiymətində bahalaşma olacağını da istisna etməyib: ”Xaricə valyuta çıxarılmasına tətbiq eidlən limitin azaldılması Türkiyə və Çindən nağd formada ödəniş edib mal gətirən iş adamlarının işini çətinləşdirəcək. Onlar çox hallarda ya özləri gedib mal gətirir, ya da nağd pul yollayırlar və mallarını geri alırlar. İndi həmin limitin azaldılması bu insanların işini çətinləşdirir. Bu da onların gətirdiyi məhsulların bahalaşmasına səbəb olacaq”.

Qeyd edək ki,  biznes sahibləri Türkiyə  və Çindən əsasən, geyim, məişətdə istifadə edilən gündəlik  tələbat malları, eləcə də elektrik malları gətirirlər. R.Rəhimov hesab edir ki, limitin azaldılması və bazarda  xarici valyutanın, ən əsası ABŞ dollarının satışında ciddi maneələrin yaranması iş adamları və vətəndaşlar arasında təşvişə səbəb olacaq.

"Rəsmi qaydada ölkədən pul çıxara bilməyən şəxslər əyri yollara əl atacaqlar. Bu da "qara bazar”ın genişlənməsinə şərait yaradacaq. Ona görə də indiki şəraitdə belə bir qərarın verilməsi dorğu addım deyildi”.
 
BAKU.WS