VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Aşıq Əli dünən «Xəzər» televiziyasında aparıcı Zaur Kamalın verilişində Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyevə salam göndərib. Sonra isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov telefonla canlı efirə qoşularaq Aşıq Əlinin yol polisindən narazı qalmağa haqqı olmadığını bildirib.
 
Avtosfer.az-ın məlumatına görə, dialoq zamanı məlum olub ki, yol polisi Aşıq Əliinin avtomobilini cərimə meydançasına aparıb. Aşıq Əli isə verilişdə bildirib ki, onun avtomobili özündədir və «Xəzər» TV-nin həyətində dayanıb. Verilişin davamında Aşıq Əli yol polisindən narazılığını ifadə edib və bildirib ki, yol polisi onun ailə avtomobilini cərimə meydançasına salıb. Amma ortada heç bir qayda pozuntusu yoxdur.

Avtosfer.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Aşıq Əlinin «ailə avtomobili» adlandırdığı «Mercedes» markalı, 90 HU 460 dövlət nömrə nişanlı avtomobil Səbail rayon DYP-nin əməkdaşları tərəfindən saxlanılıb və cərimə meydançasına qoyulub. Buna səbəb isə həmin avtomobili idarə edən sürücünün etibarnaməsinin olmaması, eləcə də, avtomobilin üzərində ödənilməyən 900 manat cəriməyə görə 5 həbsin, 450 manatlıq 15 MMX-nın olmasıdır.

Bundan əlavə, Aşıq Əli kimi tanıdığımız Quliyev Əli Tapdıq oğluna məxsus «Range Rover» markalı, 10 OD 030 dövlət nömrə nişanlı avtomobilə DYP tərəfindən 13 dəfə həbs qoyulub. Çünki Aşıq Əlinin ödənilməyən 1100 manatlıq 12 MMX protokolu var. Bununla bağlı Qaradağ rayon DYPŞ tərəfindən sürücüyə çağırış göndərilsə də, Aşıq Əli çağırışa getməyib.

Aşıq Əlinin idarə etdiyi daha bir avtomobil «Lexus» markalı, 90 OD 030 dövlət nömrə nişanlı avtomaşındır. Bu avtomobilə aid 410 manatlıq 6 MMX protokol olsa da, Aşıq Əli bu cərimələlri də ödəmir. Ümumilikdə isə hazırda sadalanan bütün cərimələrə görə Aşıq Əlinin 22 balı var. İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən, onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırıla bilər.

Aşıq Əlinin «qaydaları pozmuram, yol polisləri mənə həmişə hörmət edir» deməsi ilə yanaşı, təqdim olunan fotolara baxmaq da maraqlıdır. Onun idarə etdiyi avtomobillərdən biri svetoforun qırmızı işığında hərəkəti davam etdirir, digəri isə 1.1 nişanlanma xəttinin tələbini pozur. Digər qayda pozuntularının əksəriyyəti isə sürət həddinin aşılması ilə bağlıdır. 

Aşıq Əlinin yol polisindən narazı qalmağa doğrudan da haqqı yoxdur. Çünki bir müddət əvvəl yol polisləri onu sərxoş vəziyyətdə saxlamaq istəsələr də, sənətçi maşını saxlamayıb və avtoxuliqanlıq etməklə qaçmağa çalışıb. Ancaq sonradan onu saxlamaq mümkün olsa da, Aşıq Əli yüngül cəza ilə yol polislərinin "hörmətini qazana bilib". Bu dəfə isə «ailə maşını» adlandırdığı avtomobilin buraxılmasını xahiş etdikdə yol polisi onun xahişini nəzərə almayıb və maşın cərimə meydançasına aparılıb. Məhz buna görə də, Aşıq Əli yol polisindən narazılığını dilə gətirir, hələ yol polisinə SMS yazaraq bir növ hədə-qorxu tonunda danışır. Görəsən, Aşıq Əli «bu günün sabahı da var» deməklə nəyə işarə edir?...
 
BAKU.WS