SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya təbrik mesajı göndərib.
 
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, 
Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Azərbaycan ilə Birləşmiş Ştatları dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin təmin edilməsində, ən qaynar nöqtələrdə sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm amillərindəndir.
İkitərəfli münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin genişlənməsinə Sizin töhfəniz dəyərlidir.

Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizin nəticələr verəcəyinə ümidvarıq.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
 
Azad Əliyev 
BAKU.WS