SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda inflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı deyib: "Əgər biz 2017-ci ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir.

Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır".

Prezident həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycana iqtisadi və maliyyə mənfəəti gətirəcək.

Keçən ilin bir neçə önəmli hadisəsini qeyd edən dövlətimizin başçısı bildirib ki, ötən il üçüncü peyk orbitə buraxılıb və Azərbaycan kosmik dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib:

“Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Bu, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu hadisə bundan sonra onilliklər ərzində Azərbaycana böyük xeyir, həm siyasi, həm də iqtisadi və maliyyə mənfəəti gətirəcək. Keçən il Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsi də işə düşdü və artıq fəaliyyətdədir. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü reallaşdı. Bu, bizim böyük uğurumuzdur, tarixi uğurumuzdur”.

Prezident qeyd edib ki, ölkəmizi nəqliyyat mərkəzinə çevirmək üçün keçən il çox önəmli hadisə baş verib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı öz işinə başlayıb. Beləliklə, Azərbaycan tranzit ölkə kimi artıq özünü dünyada təsdiqlədi.

BAKU.WS