SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərbaycanda intellektual mülkiyyətin qorunmasında hələ də problemlər var". 

BAKU.WS-in məlumatına görə, bu sözləri insider.az saytının "XXI əsrin piratları - Kimə şikayətlənməli?" mövzusu ətrafında keçirdiyi sorğuya cavab olaraq "Cinema Plus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü, tanınmış marketinq mütəxəssisi Zaur Darabzadə deyib. 

O, bildirib ki, internet-piratçılıq XIX əsrin qlobal problemlərindən birinə çevrilib:

“İlk növbədə qeyd edim ki, bizim kinoteatrlar şəbəkəsində güclü təhlükəsizlik sistemi olduğu üçün kontentin oğurlanması mümkün deyil. Belə ki, piratçılıqla mübarizə aparmaq xüsusi departament yaratmışıq. Zallarımızda nəzarət kameraları quraşdırılıb, eləcə də hər 15-20 dəqiqədən bir isə nəzarətçilər zallara baxış keçirirlər.

Kontentin oğurlanmasına gəldikdə, ümumiyyətlə bütün dünya bununla mübarizə aparır. Müxtəlif dövlətlərin təsis etdiyi müvafiq qurumlarla yanaşı, mübarizəyə  “Sonny”, “Disney”, “Warner Brothers”, “Paramount Pictures”, “20th Century Fox”   kimi dünyaca tanınmış distribütorla da qoşulublar.

Düzdür, bəzi ölkələr bu sahədə nailiyyət əldə ediblər. Məsələn, Türkiyə, Gürcüstan pirat saytların fəaliyyətinin qarşısını tam, Rusiya isə qismən ala bildi. 


Belə ki, Türkiyə və Gürcüstan bu tip saytları öz ölkəsində bloklayıb, eləcə də  müəllif hüquqlarının qorunması Assosiasiyası yaradıb ki,  bura da müəyyən kinoteatr, şirkət, radio, ifaçılar, həmçinin intellektual mülkiyyətini qorumaq istəyən insanlar üzv olurlar.
Təəssüf ki, qanun layihələrinə, dövlətin apardığı mübarizəyə baxmayaraq,  Azərbaycanda müəllif hüquqlarının pozulması hələ də davam etməkdədir. 

Belə ki, Azərbaycanda pirat fəaliyyəti ilə məşğul olan kifayət qədər sayt var. Kinoteatrlarda yayımlanan hər hansı filmi bir həftə sonra bu cür saytlarda aşkar edirik. Təbii olaraq, bu, bir cinayətdir. Lakin saytların çoxunun kökü bilinmədiyinə görə, onları nə cinayət məsuliyyətinə cəlb etmək, nə də cərimələmək mümkündür.

Bu cür kontent oğruları səbəbindən, Azərbaycanın qlobal kino industriyasında etibarı zəifləyir. Düzdür, indiyə qədər bizim kinoteatrlarda nümayiş olunan filmlərin hamısı dünya premyerası ilə eyni gündə yayımlanıb. Lakin bəzən filmi alana kimi müəyyən çətinliklərlə üzləşirik. Filmi aldığımız şirkətlər isə buna səbəb olaraq ölkəmizdə müəllif hüquqlarının hələ də kifayət qədər qorunmamasını gətirirlər".

BAKU.WS