SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o, partiyanın qərargahında keçirdiyi brifinqdə vətəndaşlara müraciət edib.

“Hökumət sizin xidmətinizdə olacaq və etimadınızı doğrultmaq üçün mümkün olan hər şeyi edəcək. Cəmiyyətimizə və fədakarlıqla iş aparmış komandaya çox minnətdaram”, - partiya sədri bildirib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze də seçicilərə göstərdikləri fəallığa görə təşəkkür edib. O, Salome Zurabişvilini əldə etdiyi yüksək nəticə münasibətilə təbrik edib.

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze seçkilərin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə böyük hörmətlə yanaşdığını bildirib.

Q.Vaşadze ikinci turun yekun nəticələrini gözlədiyini deyib.

O, “exit-poll”un nəticələrinin saat 17:00-a olan məlumatları əks etdirdiyini bildirib: “Biz mütləq yekun nəticələri gözləyəcəyik, çünki seçicilərin böyük əksəriyyəti saat 17:00-dan sonra səsvermədə iştirak edib”.

Q.Vaşadze qeyd edib ki, Gürcüstanda bu vaxta qədər bu cür seçkilər olmayıb: “Hakimiyyət bacardığı qədər hamını – bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini səfərbər etmişdi”.

VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz növbəsində prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirərək, seçkiləri qeyri-legitim adlandırıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili səs çoxluğu ilə qalib gəlib.

BAKU.WS