SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov çempionluq kəmərini satışa çıxarıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə peşəkar boksçu özü məlumat verib. Ağali bildirib ki, boksda ən uğurlu nəticəsi olan Avropa çempionluğu kəmərini satmaq istəyir: 
 
"Mən bu kəmərə görə çox əziyyət çəkmişəm, hətta öz evimi belə satışa çıxarmışam. Bu addım heç bir zaman üzünü görmədiyim, lakin uşaq yaşlarında döyüşlərini həvəslə izlədiyim həmkarım - ilk azərbaycanlı peşəkar boksçu Emil İsrafilbəyova ("Emil Baku") dəstək məqsədi daşıyır. Kəmərə verilən məbləğ bütünlüklə "Emil Baku"ya dəstək üçün göndəriləcək! Allah qardaşımızın yardımçısı olsun".
 
Ağali Alışov hər kəsi bu çətin zamanında Azerbaycanı xarici ölkələrdə layiqincə təmsil edən idmançımıza dəstək olmağa çağırıb. 
 
Emilə dəstək vermək üçün bu linkə daxil olmaq və ona maddi yardım etmək mümkündür. Maddi dəstək vermək imkanı olmayanlar isə həmyerlimizə mənəvi dəstək verə bilər. Bunun üçün bu xəbəri maksimum dərəcədə paylaşmaq və həmyerlimizin yanında olduğumuz göstərmək lazımdır. 
 
Qeyd edək ki, Ağali Alışov dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. Bir müddət maddi vəziyyətinin aşağı olduğu üçün idmandan kənarlaşıb. 2004-cü ildən peşəkar boks kariyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukrayna Respublikasında yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" cırdığına görə aldığı güllə yarası olub. Hazırda Ukraynanın Kiyev şəhərində yaşayır və kariyerasını Ukraynada davam etdirir, subaydır. 
 
 
Şahin Həbibov
BAKU.WS