VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İranlı güləşçi Alireza Kərimi 6 ay müddətinə diskvalifikasiya edilib.

BAKU.WS sportnet.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi qərar verib. Kərimi 2017-ci ildə Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında israilli rəqiblə üz-üzə gəlməməkdən ötrü qəsdən uduzduğu üçün cəzalandırılıb. Onunla yanaşı, şəxsi məşqçisi Həmidrza Cəmşidi 2 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Həmin mundialda 86 kq çəki dərəcəsində çıxış etmiş sərbəst güləşçinin 1/4 finalda rusiyalı Əlixan Cəbrayılova uduzması araşdırılıb. Müəyyən edilib ki, Cəmşidi ikiqat Asiya çempionu və dünya çempionatının bürünc mükafatçısı olan yetirməsinə Cəbrayılova uduzması üçün göstəriş verib. Halbuki Kərimi qalib gəlsəydi, yarımfinalda israilli Uri Kalaşnikovla qarşılaşacaqdı. İranlı məşqçi və güləşçi UWW-nin İntizam Kodeksini birbaşa pozmaqda günahkar bilinib.

Kərimi İran mətbuatına açıqlamasında məşqçisindən göstəriş aldığını təsdiqləyib: "Cəbrayılovla görüşdə 3:2 hesabı ilə irəlidə idim. Bu zaman məşqçim mənə dedi ki, qəsdən uduz. Həmin an mənim üçün dünyanın sonu yetişdi. Dünya çempionu olmaq üçün aylarla çalışmışdım. Dünya çempionluğu hər birimiz üçün yeganə xoşbəxtlikdir".

İran hökuməti isə 24 yaşlı güləşçini qürur mənbəyi adlandırıb. İran Güləş Federasiyası da onu qəhrəman kimi təqdim edib. Öz növbəsində Kərimi onun addımını yüksək dəyərləndirən ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

BAKU.WS