SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar Azərbaycanın gənc yazıçı və şairləri gündəmdə olmaq üçün ağlası]maz, məntiqsiz hərəkətlər edirlər. Demək olar ki, heç bir incəsənət adamına yaraşmayan bu hərəkətlər Azərbaycanda hələ də düzgün formalaşmamış incəsənətimizin bariz nümunəsini xatırladır. Axı incəsənət zövq işidir. Kiminsə zövqünü tənqid və ya təhqir etmək heç də ağıllı bir seçim deyil. Hansısa bir yazıçını bəyənməyə bilərsən, bu sənin zövqünə uyğun olmaya bilər. Amma, bu onun yaxşı yazıçı olmadığı anlamına gələ bilməz. Sanki bu sənin bəyənmədiyin bir rəngi, heç kimin bəyənməyəcəyini düşünmək kimidir.

BAKU.WS saytının verdiyi məlumata görə, 2-3 gün əvvəl gənc şairlərimizdən biri olan Elşad Barat, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdən biri olan Mikayıl Müşfiq barəsində xoşagəlməz sözlər yazıb.

“Neçə gündür Mikayıl Müşfiqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm. Onun bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür. Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub. Düşüncəsi 15 yaşında qaqaşın düşüncəsindən aşağı imiş. Mənə elə gəlir ki, onun bütün şeirləri mənim bir şeirimə dəyməz. Sadəcə o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir” yazan şair, sosial medya da izləyiciləri tərəfindən dəhşətli şəkildə qınanıb.

Etdiyinin səhv olduğunu anlayan gənc şair, sonradan sosial mediya izləyicilərindən üzr istəyib.

“Mikayıl Müşfiq haqqında yazdığım statusa görə peşmanam. O, bizim dəyərli şairimizdir. Ola bilər ki, şeirləri mənə görə zəif ola bilər, ancaq biz onun taleyini poeziyasına qatmalıyıq. Mən həqiqətən də səhv etmişəm. Heç kim səhvsiz deyil. Ona görə də bütün Müşfiqsevərlərdən üzr istəyirəm” deyən Elşad Barat səhvini qəbul edib.

Son zamanlar Azərbaycanın tanınmış və istedadlı gənc şairlərindən biri olan Aqşin Yenisey mövzu ilə bağlı öz fikirlərini bildirib.
Aqşin Yenisey açıqlaması zamanı bildirib ki, onun şeirlərinin bu cərəyanın tələblərini bilməyənlərin xoşuna gəlməməsi Müşfiqin yox, qarşı tərəfin savadsızlığının günahıdır.

“Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatında romantizmin ilk şairlərindən biridir. Onun şeirlərinin bu cərəyanın tələblərini bilməyənlərin xoşuna gəlməməsi Müşfiqin yox, qarşı tərəfin savadsızlığının günahıdır. Eyni ağızbüzmələr realistlərlə simvolistlərin də arasında olub. Müşfiqin zəif və güclü şair olması yalnız romantizmin tələbləri səviyyəsində müzakirə oluna bilər. Bunun üçün romantizmin dünya ədəbiyyatındakı rolunu və yerini bilmək lazımdır. Getenin "Gənc Verterin iztirabları" romanı indi kiməsə həddindən artıq sentimental görünə bilər, amma romantizmin şərtləri daxilində o, çox böyük əsərdir. O əsərdəki duyğunu Getedən başqa heç kim o qədər canlı yaza bilməz. Eləcə də Müşfiqin şeirlərindəki duyğunu heç bir şair təkrarlaya bilməz. Təəssüf ki, gənc yazarlarımızın əksəriyyətinin məhz ədəbiyyatdan xəbəri yoxdur. Müqayisə etmək üçün ədəbi predmetləri yoxdur. Ağıla gələn ilk şeyləri yazırlar, həm yaradıcı, həm tənqidi mənada. Xəbərləri belə yoxdur ki, özündən sonrakı şairlərin bir çoxu Müşfiqin şeirlərindəki duyğudan doğulublar. Müşfiqə qədər bu duyğu ədəbiyyatımızda mücərrədliyi ifadə edirdi, Müşfiq ilk dəfə insan duyğusunu insanın özünə qaytardı. Bunu bilmədən onun haqqında yazılan hər şey boşboğazlıq nümunəsidir”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS