VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar "Whatsapp”, "Facebook Messenger” və "Skype” vasitəsilə pulsuz video danışıq imkanı verən alətlərdən istifadədə problemlər yaranıb. Həmçinin, internet istifadəçiləri də internetin sürətinin ciddi zəifləməsi və keyfiyyətinin pisləşməsindən şikayət edirlər.
 
BAKU.WS xəbər verir ki, Azərbaycanın ən əsas internet provayderi olan "Delta" Telekom nə baş verdiyi ilə bağlı açıqlama verib. 
 
Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda internetin keyfiyyəti pisləşməyib: "Azərbaycan ərazisində internetin keyfiyyətinin hədsiz dərəcədə pisləşməsini bildirmək düzgün yanaşma deyil.  İnternetin keyfiyyəti onu yayan provayderlərin xidmətindən asılıdır və keyfiyyətə də müxtəlif təsirlər ola bilər. Amma ümumilikdə Azərbaycana daxil olan internetin nə keyfiyyətində, nə də sürətində problem var".
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə internetlə bağlı yaranan bu problemi əksər yerli provayderlərin "Delta"ya olan borcları ilə əlaqələndirib. O qeyd edib ki, bu borcları əldə edə bilməyən "Delta"nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərir. 
 
Mütəxəssisin bu fikirlərinə də "Delta" Telekom cavab verib. Bildirilib ki, gələcəkdə internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılması istisna edilmir: "O. Gündüzün də bildirdiyi kimi, onlayn statistikaya baxsanız, ölkəyə daxil olan trafikin dəyişmədiyini görə bilərsiniz. Borclu provayderlərin olması məsələsi də düzgündür. Amma hələ ki, tərəfimizdən internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılmayıb. Amma gələcəkdə belə addımların atılması istisna olunmur. Buna görə də bildiririk ki, internet sürətinin və keyfiyyətinin pisləşməsi "Delta" Telekomdan qaynaqlanmır”.
 
Qurumdan o da bildirilib ki, sosial şəbəkələrdən videozəngin getməməsi məsələsi onların fəaliyyəti ilə əlaqə deyil, buna görə də bu barədə suala cavab verə bilməzlər. 

BAKU.WS