VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS-in budəfəki müsahibi aktrisa, müğənni Sonaxanım Əliyevadır.

- Fəaliyyətinizə müğənni kimi başlamısınız, yoxsa aktrisa kimi?

- 1995-ci ildə İncəsənət Universitetinə qəbul oldum və həmin ildən incəsənət fəaliyyətim başladı. Düzdür, teatrda mən 1997-1998-ci illərdə işə başlamışam, amma şadlıq evlərində, restoranlarda 1995-ci ildən müğənni kimi fəaliyyət göstərirəm. İxtisasca aktrisayam, müğənnilik isə olsun mənim əlavə qazanc yerim (gülür-red.) Onu da deyim ki, mən bir müddət xalq artisti Natəvan Şeyxovadan dərs almışam.

- Katibə, qulluqçu, gözəllik salonunun sahibəsi, qonşu qadın və s. Heç bir obrazınızda sizi xoşbəxt həyat yoldaşı və evdar qadın kimi görmədim. Mən görmədim, yoxsa doğrudan da belə obrazlarınız yoxdur?

- Bəzən aktyorlar deyirlər ki, ölümlə bağlı hansısa bir obrazı oynadım və o da başıma gəldi. Məndə tərsinədir. Ola bilər ki, həyatda ailəli olmadığımdan bu cür obrazları da mənə həvalə etmirlər.

- Çox vaxt teatrlarımızda baş rolları rejissora yaxın olan aktrisalara həvalə edirlər. Bəs kino və seriallarda vəziyyət necədir?

- Onu tam dəqiqliklə deyə bilmərəm. Özüm hansı rolu almışamsa, bu rejissorla tanış olmağımdan aslı olmayıb. Digər aktrisalar üçün isə mən cavabdehlik daşımıram.


- Bir müddət Gənc Tamaşaçılar Teatrında da çalışmısınız. Niyə oranı tərk etdiniz?

- Düzdür, istəməzdim dediklərim həmin teatrın kollektivinə xələl gətirsin. Mən çox sadiq və etibarlı insanam. Nədənsə düşünürəm ki, insanlar da sadiq və etibarlı olmalıdırlar, amma çox təəssüflər olsun ki, bu belə deyil. Vaxtı ikən elə olub ki, GTT-nın pis vəziyyətdə qaldığı müddətdə mən onları xilas etmişəm. Yadımdadır, Gəncə şəhərinə qastrol ərəfəsində tamaşadan iki aktrisa çıxdı. Obrazları ifa etmək üçün həmin fakturada aktrisa yox idi və məhz mən var idim. Bu səbəbdən bütün yük düşdü mənim çiynimə. Bəli, teatrı mən xilas etdim. Bir müddətdən sonra seçim arasında qaldım: ailə, yoxsa teatr. Rəhbərlikdən xahiş etdim ki, imkan dairəsində məni yeni tamaşalara salmasınlar, köhnələri isə gəlib oynayaram.

Düşünürəm ki, normalda aktrisanı başa düşmək olardı. Çox təəssüflər olsun ki, məni başa düşmədilər və məcburiyyət qarşısında qalıb ərizəmi yazıb işdən çıxdım. Düzdür, incəsənət qurban tələb edir. Özümü qurban edə bilərəm, amma ailəmi yox. Mən onsuz da incəsənətin qurbanıyam.

- Teatra qayıtmaq fikriniz varmı?

- Əslində, artıq elə səviyyəyə çatmışam ki, mənim sənətim göz qabağındadır. Düşünürəm ki, teatrlara mənim kimi aktrisa lazım olsa təbii haldır ki, özləri dəvət edərlər. Düzdür, GTT-da çalışanda Musiqili Teatra dəvət almışdım, amma imtina etmişdim. Yenə də sözümü ona gətirirəm ki, mənim sadiqliyim buna imkan verə bilməzdi. İstəmədim ki, tamaşaları yarımçıq qoyub digər teatra gedim. Bəlkə də elə etsəydim daha yaxşı olardı.


- Sizi daha çox “Vicdan haqqı” serialından sonra tanıdıq. Həmin serialda yaratdığınız Ofelya obrazı bir çox intriqaların şahidi olur. Bilmək istərdim ki, sənət aləmində hansı intriqaların, çəkişmələrin şahidi olmusunuz?

- Sənət yoldaşlarım da bunu təsdiq edə bilərlər ki, mən ümumiyyətlə intriqalardan uzaq biriyəm. 23 ildir bu sənətdəyəm və yadıma gəlmir ki, hər hansısa verilişə məni dəvət edəndə soruşum ki, qonaq kimdir. Hamı ilə mehribanam, bütün sənət yoldaşlarıma ilk növbədə can sağlığı və uğur arzu edirəm. Digər intriqaları isə heç görmək istəmirəm və bununla maraqlanmıram.

- Serialda Kamil Dilarəyə xəyanət edərək Larisa ilə münasibət qurur. Ümumiyyətlə, kişilərin qadınlara xəyanətinə münasibətiniz necədir?

- Çox mənfi, çox pis. Bunu həyatımda heç vaxt qəbul etməmişəm, etmirəm və etmərəm də. Elə ailəm xəyanətə görə dağıldı. Xəyanəti bağışlamıram. İnsanın xəyanətini gördüyün halda onu bağışlaya bilərsən, amma getdikcə hiss edirsən ki, o insana qarşı kinin artır. Uşaq böyüyür, amma sənin həyat yoldaşına qarşı kinin daha da artır və nə zamansa dönüb övladına deyirsən ki, mən ailəmi dağıdardım, amma sənə xatir etmədim. İnanın ki, övlad özü dönüb adama deyər ki, elə xoş deyildirsə dağıdardın. Özüm də bilirəm ki, içimdəki mənliyim xəyanəti heç vaxt bağışlamaz. Kinlə yaşamaqdansa onu yaşamamaq daha gözəldir.


- Bir qız övladınız var. Deyirlər, “qız yükü-duz yükü”. Bu “yük”ün öhtəsindən necə gəlirsiniz?

- Mən sizə bir söz deyim ki, özümü qadın kimi xoşbəxt hiss etməsəm də, amma bir ana, övlad və sənətçi kimi çox xoşbəxt insanam. Bir qadın xoşbəxtliyim yoxdur, ona da göz yummaq olar. Allah hər kəsə övlad payı nəsib etsin. Xoşbəxt anayam ki, ağıllı və məni başa düşən qızım var. Mənim üçün övladım “yük” deyil. Bəzən hiss edirəm ki, qız mənəm, ana isə odur. O qədər qızım nazımı çəkir ki, gəl görəsən. Nə yaxşı ki, həyatda bu cür övlad qazandım.

- Övladınız sənətinizi davam etdirmək istəyir?

- Allah eləməsin. O, heç vaxt bunu istəməyib. Qızım polis olmaq istəyir.


- Müsahiblərinizdə həmişə ananız haqqında danışırsınız, amma atanız haqqında yox...

- Heç vaxt heç kəsdən heç nəyi gizlətməmişəm və gizlətmək də istəmirəm. Sadəcə olaraq, “ata” mənim yaralı yerimdir. Kimlərsə atanı tərifləyəndə mən anamı tərifləyirəm. Anam mənə həm ata olub, həm də ana. Kimlərsə atanı alqışlayanda mən sadəcə deyirəm ki, məni o ata alqışından uzaq edin. Bu həyatda ata nəvazişi, diqqəti görmədim. Ona görə atam haqqında heç vaxt danışmaq istəməmişəm. Atam 46 yaşında dünyasını dəyişib, amma heç sağlığında belə onun haqqında danışmaq istəməmişəm, elə indi də. Düzdür, bir neçə il bundan əvvəl səhərlər oyanıb düşünürdüm ki, onun qəbrini ziyarət etməliyəm, ən azından bir yasin oxutdurmalıyam. Getdim, övladlıq borcumu yerinə yetirdim, amma qəlbim onu bağışlamadı.

Hüseyn Məmmədsalahov
BAKU.WS