VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Məşhurlar qadına qarşı zorakılıq danışdı; Onlar kampaniya başlatmaq istəyirlər...

Günümüzün aktual mövzularından biri də qadınlara qarşı zorakılıq hallarının artmasıdır. İstər cəmiyyətdə, istərsə də mətbuatda sözügedən hadisələr barədə tez-tez eşidirik. Son olaraq isə üç uşaq anası, eyni zamanda hamilə olan qadının həyat yoldaşı tərəfindən öldürülməsi cəmiyyətdə ajiotaj doğurub. Hətta, sosial şəbəkələrdə "Qadın qətillərinə son” haştağı ilə kampaniya başladılıb. Dəfələrlə sənət adamları da "Qadın zorakılığına son” aksiyalarında iştirak edərək cəmiyyətimizin gündəmdən düşməyən probleminə diqqət çəkməyə çalışıb. 

Musavat.com məsələ ilə bağlı şou-biznesin tanınmış simaları arasında sorğu keçirib. 

Müğənni Günay İbrahimli bildirib ki, zorakılığa məruz qalmasa da, bu barədə psixoloqlarla danışıq aparıb: "Biz gündəlik sosial şəbəkələrdə, xəbər saytlarında qadına qarşı zorakılıq faktları barədə xəbərləri oxuyuruq. Əlbəttə, belə hallar son illər daha çox artmağa başlayıb. Dünyada hər 5 qadından biri şiddətə, 10 zərif cinsin nümayəndəsindən  5-i ya təcavüzə məruz qalır, ya da təcavüzdən son anda xilas olur.  Azərbaycanda məişət zorakılığı ilə rastlaşan xanımlarımız çoxdur. "Qadına şiddətə yox” adı altında yaranan kampaniyalara rast gəlməmişəm. Belə olan halda dəstəyimi  əsirgəmərəm. Ancaq bir məsələ var ki, zorakılıq qurbanlarının bir neçəsi ilə görüşmüşəm, ailəsindəki problemləri aradan qaldırmağa cəhd etmişəm. Mən kiçik yaşlarımda qadın və kişi bərabərliyini öz ailəmdə şahidi olmuşam. Onlardan ibrət götürmüşəm ki, qadın və kişi ayrı-ayrılıqda  bir şəxsiyyətdir. Mən isə şiddət görməmişəm. İnsanlar problemlərini danışaraq həll etməlidir. Bəzən insan əsəbi ola bilər, ancaq əsəblə qalxan zərərlə oturar. Psixoloqlarla çox danışıqlar aparmışam. Deyirlər ki, qadınlar fiziki şiddətdən çox, mənəvi şiddətdən təsirlənirlər. Bu səbəbdən nə fiziki, nə də mənəvi cəhətdən qadınlarımızı incitməyək”.

Prodüser Təranə Səmədova etiraf edib ki, həyat yoldaşı Kərim Abasov tərəfindən dəfələrlə zorakılığa məruz qalıb: "Mən qadınlarla bağlı bütün kampaniyalarda iştirak etməyə hazıram. Bir qadının şiddətə məruz qalması iyrənc hadisədir. Etiraf etməliyəm ki, mən də dəfələrlə şiddətə məruz qalmışam. Evli olduğum dövrdə (red. Təranə Səmədova müğənni Kərim Abasovla evli olub) dəfələrlə döyülmüşəm. Boşanma səbəblərimdən biri də bu idi. Daha sonra polisdə çalışan Fərid adı şəxslə münasibətim vardı. Mətbuat onu yaxşı tanıyır, hazırda həbsxanadadır. Onunla sevgili olduğumuz dövrdə məni təhqir edir, döyürdü. Sevdiyim üçün susurdum. Hüquq-mühafizə orqanında çalışdığı üçün ondan polisə şikayət vermək istəmirdim. Düşünürdüm ki, mənim şikayətim onun karyerasına zərər gətirər. Əlbəttə, bu düzgün düşüncə deyil. Qadınlar zorakılıq qarşısında susmamalıdır. Biz tanınmış şəxslərin izləyicisi çoxdur. Ona görə də tez-tez səsimizi ucaltmalı, qadınlarımızı məlumatlandırmalıyıq” 

Aşıq Namiq Fərhadoğlu da qadına işgəncə verməyin kişiyə yaraşan hərəkət olmadığını deyib: "Qadın incə məxluqdur, onu döyüb, söymək olmaz. Amma gərək qadın da qadın olsun, xanımlığını qorusun. Qadın pişik kimidir, onu nə qədər sığallasan, o qədər sevgi dolu olar. Qadın anadır, dünyaya uşaq gətirəndir. Çox ağır məsələdir qadına qarşı  zorakılıq. Biri mənim yanımda qadın döysə, həmin şəxsə həddini bildirərəm. Mən çalışıram ki, xanımlarla çalışım. Azərbaycan xanımları çox dəqiq və dürüstdür. Bəzi kişilərdənsə qadınlar daha güclüdür. Qadınlarla bağlı kampaniya keçirilsə, sevə-sevə iştirak edərəm. Elə olub ki, el şənliyində xanım müğənnini incitmək istəyiblər. Həmin şəxsi kənara çəkib, başa salmışam”.

Aktrisa Aysel Nazim qız valideynlərinə səslənib. O bildirib ki, valideynlər övladlarına dayaq olmalıdır: "Ötən il YAP gənclər təşkilatının hazırladığı "Qadına şiddətə son” layihəsində yer almışdım. Son günlər təəssüf ki, kişilərin qadınlara qarşı zorakılığını çox eşidirik.  İnsanı heyvandan fərqləndirən ən gözəl xüsusiyyət danışıq qabiliyyəti və təfəkkürdür. Bunlarla problemini həll edə bilmirsənsə, normal insan sayılmazsan. O şəxslərin müalicəyə ehtiyacı var, psixoloqa görünməlidirlər. 

Şiddət sadəcə olaraq, əl qaldırmaqla və nalayiq sözlər deməklə deyil, yersiz qısqanclıq, mənasız qadağalar, sosial həyatdan çəkindirmək və s. neqativ hallar da zorakılıqdır. Qadın ailədə, cəmiyyətdə özünü ifadə edə bilmirsə, üzərində kişi təzyiqi varsa, bunu qadının həyatına, şəxsiyyətinə, ləyaqətinə təcavüz kimi qiymətləndirirəm. Bəzi kişilər qadınları zəif gördüyü üçün onu alçaldır.  Onlar anlamalıdırlar ki, qadın zəif deyil, zərifdir. Bizim qadınlar kifayət qədər güclüdür. Insan oğlu onu dünyaya gətirən ananın xətrinə bütün qadınlara  hörmət etməlidirlər”. 

Müğənni-bəstəkar Murad Arif qadına qarşı zorakılığa diqqət çəkmək üçün layihə hazırladığını deyib: "Cəmiyyətdə olan problemlər barəsində dəfələrlə paylaşım etmişəm. Qadına zorakılığa qarşı səsimi hər zaman yüksəltmişəm. Hətta mahnı da yazmışam. Yaxın günlərdə layihə təqdim etmək istəyirəm. Çünki bu məsələ yaralı yerimizdir. Yanımda bir qadına qarşı zorakılıq edildiyini görsəm, hökmən müdaxilə edərəm. Təəssüf ki, mentallıq, bir az da şərq təfəkkürü qadına demokratik yanaşmır, qadının azadlığını və seçimlərini məhdudlaşdırır. Bölgələrdən acı xəbərlər gəlir, analar uşaqlarının gözü önündə döyülür, öldürülür. Mənə elə gəlir ki, Azərbaycan məhz o ölkədir ki, bu barədə çox danışmalı, qadınları məlumatlandırmalı, hüquqlarını çatdırmalıdır. Biz də ictimai şəxslər olaraq qadına qarşı şiddətə "yox” deməliyik”.
 
BAKU.WS