VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.

BAKU.WS-in məlumatına görə, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəbin binasında yaradılan şərait barədə M. Əliyevaya məlumat verib.

Qeyd edilib ki, bu təhsil müəssisəsi 2017-2018-ci tədris ilində istifadəyə verilib. Təhsil ocağı 2000-ci ildən vaqonlarda fəaliyyət göstərirdi. Məktəbin binasının inşasına bu il başlanılıb və dörd ay ərzində tikilib istifadəyə verilib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.

M. Əliyeva məktəbdə təhsil alan birinci sinif şagirdləri ilə söhbət edib, onların dərsləri ilə maraqlanıb. Uşaqlar məktəbdə tədris üçün bütün şəraitin mövcud olduğunu söyləyiblər və yaxşı oxuyacaqlarına söz veriblər.

İnformatika otağında şagirdlərin kompüter bacarıqları ilə maraqlanan Azərbaycanın I vitse-prezidenti onlara uğurlar arzulayıb. M. Əliyeva yüksək balla ali məktəblərə daxil olan Qubadlı rayonunun şagirdlərinin fotolarından ibarət stendə baxıb.

M. Əliyeva dövlət başçısı İlham Əliyevin Qubadlı rayonundan olan idmançılarla görüşünə həsr edilən fotostendlə də tanış olub.

M. Əliyeva Qubadlıdan olan idmançıların məşqini izləyib.

Məktəb kollektivi ilə görüşən M. Əliyeva tədris ocağının yeni binasının istifadəyə verilməsi və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıb. “Məktəb illəri hər bir insanın həyatında silinməz iz qoyur. Sizin peşəniz olduqca vacibdir” deyən I vitse-prezident təhsil müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

BAKU.WS