VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Biz yenə çoxdan gözlədiyimiz aqrar islahata qayıdırıq. Aqrar islahat ilk növbədə torpaq mülkiyyəti sisteminin dəyişdirilməsini özündə ehtiva edirsə, 90-cı illərin əvvəllərində yeni formasiyanın təşəkkülü zamanı yeni iqtisadi sistemin bu əsas sosial-hüquqi prinsipi yeni postsovet zamanının atributuna çevrildi. Elə atribut olaraq da qaldı! Bəli, formal olaraq torpaq yeni sahibini tapdı. Dövlət isə aqrar islahatın ikinci vəzifəsini – torpaqdan istifadəni həll etməldiir. Kəndliyə torpağı qaytardılar, lakin o bundan sadəcə olaraq istifadə etmədi. Dövlət torpaq mülkiyyətinin yeni formasını müəyyənləşdirə bilmədi – fərdi fermer əməyinə öyrəşməmiş Azərbaycan kəndliləri kooperativ cəmiyyətdə birləşməyi bacarmadılar, əslində, bunu heç istəmədilər də.

Azərbaycan Belarus modelinə müraciət edə və yeni çağırışlarla səslənməsə də, zamanla sınanmış sovxozları – kəndlilərin kollektiv mülkiyyət formasını saxlaya bilərdi, lakin böyük xoşbəxtlikdən, yaxud hədsiz bədbəxtlikdən neft lənəti qara qızılla zəngin ölkəmizdən də yan keçmədi. Biz yeraltı sərvətləri yerüstü sərvətlərdən daha çox qiymətləndirən xalqların uğursuzluqlarını təkrarladıq. Torpaq gec yada düşdü. Amma yenə də yaxşıdır ki, yada saldılar. Yalnız prezidentin neftli gələcəyi unutmaqla bağlı yaddaqalan çağırışından sonra.

Ölkəmiz sanksiyalar altında deyil və bizim idxalı əvəzləmək kimi müxtəlif konsepsiyalar qurmağımıza ehtiyac yoxdur və biz əvvəlki kimi istənilən xarici kənd təsərrüfatı məhsulunu idxal edə bilirik. Fəqət əvvəllər biz insanları bitməz-tükənməz neft pullarının hesabına yedizdirirdik. Sabah bu var-dövlət olmayacaq, bu gün isə o tükənməkdədir. İnsanları isə yedirtmək lazımdır. Torpaqla və kənddə! Torpağa və kəndə qayıdış Azərbaycan hökumətinin əsas və həyati vacib məqsədinə çevrildi. Hakimiyyət bütün qüvvələrini torpağın dirçəldilməsinə yönəltdi. Kənd Təsərrüfatı Nazirliyi isə aqrar islahatın ikinci əbədi dilemmasını – torpaqdan istifadə məsələsini həll etməlidir.

Ani uğurlar və sürətli nəticələr axtarışında Azəırbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşə tələsirəm. Onun Hökumət Evinin 7-ci mərtəbəsində yerləşən kiçik qəbul otağında iki üzbəüz kabinet var. Bunlardan birində nazirin qərargahı yerləşir. Az qala operativ qərargahdır və oradan nazirin bir qədər həyəcanlı və azacıq əsəbi səsi eşidilir. Hesabatlar, problemlər, müzakirələr... Bir neçə dəqiqədən sonra qəbul otağına çıxır. Görüşürük. Özünün dəftərxana ləvazimatları, qovluqlar və kağızlarla dolub daşan kabinetinə dəvət edir. İş masasının bir kənarında olan hökumət telefonu susmaq bilmir. İcra hakimiyyyəti başçıları, nazirliyin əməkdaşları zəng edirlər... Nəhayət, nazir mənə şikayətlə müraciət edir:
 



- Nəyə görə belə tez-tez bizi tənqid edirsiniz?

- Müsahibəni suala cavabla başlamaq qəribədir. Görünür, sizin qurumdan gözləntilər həddən çoxdur.

- Fəqət biz açığıq və sizin istənilən sualınıza cavab verməyə hazırıq. Hər şeyi bizdən birbaşa soruşmaq daha yaxşı deyilmi? Axı biz tam şəffafıq və istənilən müzakirəyə hazırıq. Zəng edə, hər şey barədə soruşa, yoxlaya, dəqiqləşdirə  bilərsiniz...

- Onda, icazənizlə, aqrar sektorun problemləri ilə bağlı ən vacib və əhəmiyyətli suallara keçim.

- Buyurun. Mən istənilən suala hazıram.

- Mən sizdən Azrbaycanda torpaqdan istifadə və torpaq mülkiyyətinin kollektiv üsulunun mümkünlüyü barədə soruşmaq istəyirəm. Bir hal da ki, fərdi kiçik və orta fermerliyin inkişafı nəticə vermir. Görünür, feodalizm və sosializmdən sonra insanlarımız özəl kəndli təşəbbüsünə yadırğayıblar. Bəlkə kəndli təsərrüfatlarını kooperativ cəmiyyətlərdə birləşdirməyə ehtiyac var?

- Məhz buna görə biz parlamentdə qəbul ediləcək kooperasiya haqqında qanun hazırlamışıq. Müvafiq struktur yaradılacaq. Bu məsələ ən yaxın vaxtlarda həllini tapacaq. Şübhəsiz, biz təsərrüfatçılığın kooperasiya formasına üstünlük veririk. Nəzəri cəhətdən siz haqlısınız, lakin gəlin bizim reallıqlara müraciət edək.

Açıq danışacağam. Deyək ki, biz iki qardaşa, yaxud əmiuşaqlarına müraciət edirik və onları inandırırıq ki, kənd təsərrüfatı texnikası, güzəştli kreditlər və digər üstünlüklərlə təchiz edirik. Onlar birləşir, güzəştli kredit alır, lakin bundan dırhal sonra hansı bitkinin əkiləcəyi ilə bağlı mübahisəyə görə münaqişəyə başlayırlar. İnvestisiyalara, gəlirə görə razılığa gələ bilmirlər, əkinlə bağlı problemlər yaranır. Qarşıdurma başlayır. Bu sosializmin lənətidir. Axı bizdə kapitalizm münasibətləri irsi yoxdur. Təsəvvür edin ki, hətta bu gün də yüz illik bazar münasibətləri ənənələrinə baxmayaraq, Türkiyədə buna oxşar problemlər yaşanmaqdadır.

Torpaq alqı-satqı obyektidir. Bizim ölkədə bu, iqtisadiyyatın idarə olunmasına əsas prinsiplərdən biri kimi daxil olub.

- Kəndlinin torpağı var, lakin o bundan istifadə etmir. Axı bu onun özəl mülkiyyətidir və deyək ki, ondan istifadə etmək istədi. Dövlət hansı addımları atacaq?

- Artıq alınmayacaq. Biz yeni mexanizmin tətbiqinə hazırlaşırıq. Cərimə edəcəyik. Hazırda sanksiyalar sistemini hazırlayırıq.

- Cərimələr başlayıb?

- Hələ yox, amma tezliklə başlayacağıq. İldən ilə sanksiyalar böyüyəcək. Kındli torpaqdan istifadə etmirsə, onu icarəyə verə, yaxud da kiməsə bağışlaya, sata bilər. Lakin torpaq boş durmamalıdır. Bu halda sanksiyalar tətbiq olunacaq. Nazirlər Kabineti müvafiq sərəncam verib, indi sanksiyaların real mexanizmini işləmək lazımdır.

Biz kənd təsərrüfatının elektron sistemini yaratmışıq ki, bu kənd təsərrüfatının aparılmasının tam mənası ilə monitorinqini və effektivliyin analizini mümkün edir. Burada həmçinin fermerlərin qeydiyyatı və onların torpaq sahələrinin eyniləşdirilməsi aparılır. Cərimələri də həmin sistem əsasında yazacağıq. Kəndlilərin bundan artıq xəbəri var. Çoxları indidən cərimələrin tətbiq olunacağından ehtiyat edir.

- Anladığım qədər siz kooperativ formanın inkişaf perspektivinə bədbin yanaşırsınız?

- Tətbiqini tapa bilər. Lakin etiraf edim ki, mən bunun yayılacağına inanmıram.

- Bəs kənd təsərrüfatı kommunaları təcrübəsi? Məsələn, İsraildəki kibuts təcrübəsi?

- Mən kibuts təcrübəsini İsrailin özündə öyrənmişəm. İnanın ki, Avropanın bütün inkişaf etmiş ölkələrində - Almaniyada, Fransada, Hollandiyada kənd təsərrüfatının inkişafının qabaqcıl təcrübələrini öyrənmişəm. Düşünürsünüz ki, orada problem yoxdur? Başdan ayağa bərabərlikdir? Əlbəttə, orada da problemlər, bu kommunalarda birləşmiş xeyli narazı fermer var. Fikirləşmirəm ki, biz bu təcrübəni tamamilə təkrarlamalıyıq. Mən həmin mexanizmin bizdə işləyəcəyinə inanmıram.

- Bəs niyə Belarus sovxozları saxladı? Nəyə görə orada əvvəlki sistemi dağıtmadılar və bu indiyə kimi özünü doğruldur?

- Siz ictimai mülkiyyətin tərəfdarısınız? Sosialistsiniz? 
 

 
- Mən insanlara fayda verən sistemin tərəfdarıyam. Nəticə verən sistemin. Bakının yarısı Belarus mağazalarında Belarus məhsullarına görə növbəyə durur.

- İqtisadi nəzəriyyə və uzunmüddətli perspektiv baxımından bu qısamüddətli uğurdur. Direktiv iqtisadiyyata xas olan bu təsərrüfat forması bazar qanunları ilə ziddiyyət təşkil edir. Strateji planda bu istiqamət özünü doğrultmur. Özəl mülkiyyət toxunulmazdır. Kim hansı bitkini istəyirsə, əkir və dövlət inkişafı stimullaşdırmalı və insanların azad seçim hüququnu təmin etməlidir.

- Daha bir ağrılı sual. Neft bumu dövründə bir çox yerlərdə, xüsusilə Abşeron rayonunda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqlarda evlər tikildi. Kimisi icra başçısının sərəncamı, kimisi də tamamilə qeyri-qanuni tikirdi. Nəticədə, bütöv qeyri-qanuni yaşayış massivləri salındı. Bəs bu problem necə həll ediləcək? Axı söhbət kənd təsərrüfatı torpaqlarının zəbtindən gedir. Amma digər tərəfdən, insanlar, özbaşına olsa da, özlərinin mənzil hüququnu təmin etdilər.

- Bu real problemdir. Bu halda söhbət yalnız Abşeron rayonundan deyil, Qobustandan və digər rayonlardan gedir. Açıq danışsaq, böyük neft pulları dövründə infrastrukturun inkişafına çoxlu pul yatırılıb. 25 il ərzində əkin üçün yararlı torpaqlarda evlər və hətta sənaye obyektləri tikilib. Əksər hallarda söhbət qeyri-qanuni tikintidən gedir. Torpaqların istifadə meyarı isə əvvəlki kimi qalıb - əkin torpaqları.

Bu sual nazirliyimizin səlahiyyətlərinə daxil deyil. Bu qlobal problemdir və ölkənin siyasi rəhbərliyi səviyyəsində müzakirə edilir.

- Bəs bu yaşayış massivlərinin axırı necə olacaq? Onlar söküləcək?

- Hesab etmirəm ki, söküləcək. Düzünü desək, bu sahələrə betonun tökülməsindən və orada çoxmərtəbəli evlərin tikilməsindən sonra artıq həmin torpaqlar kənd təsərrüfatı üçün yararlığını itirib. Lakin son illərdə bu məsələdə ciddi nəzarət tətbiq edilib və kənd təsərrüfatı təyinatlı torpaqların zəbt edilməsinin qarşısı alınır. Əgər Nazirlər Kabineti torpağın təyinatını dəyişdirməsə o zaman torpaq sahəsini heç sənaye əhəmiyyətli obyektin tikintisi üçün belə, ayırmağa icazə yoxdur.

Təkrar edirəm, indiyədək nə tikilibsə yəqin ki, müvafiq orqanlarının qərarlarından sonra leqal status alacaq, gələcəyə gəldikdə isə, hər bir torpaq sahəsi bizim sərt nəzarətimiz altında olacaq. Mən sizə deyirəm, biz ölkə ərazisində bütün icazəsiz tikililəri protokollaşdırmışıq və fotolarını çəkmişik. Lakin mən inanmıram ki, bu tikililərin hamısı söküləcək.

- Bəs dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan subsidiyaların paylanması mexanizmi nə dərəcədə şəfafdır? Çünki illərdir belə iddialar səslənir və şikayətlər eşidilir ki, büdcədən ayrılan subsidiyalar kəndliyə gedib çıxmır, yaxud hamısı gedib çıxmır...

- Mən bu fikirləri qəti təkzib edirəm, böyük məmuniyyətlə deyə bilərəm ki, bizim tərəfimizdən subsidiyaların paylanmasının unikal mexanizmi işlənib hazırlanıb. Biz bununla fəxr edirik. Özünüz baxmaq və əmin olmaq istərdiniz?

- Əlbəttə!

Haşiyə: nazir masa arxasından qalxır və selektora yaxınlaşır, departament rəhbərlərindən birinə zəng vurub onu kabinetinə çağırır. Biz birlikdə nazirliyin saytına daxil olub dotasiyaların paylanması bölməsini açırıq.

Heydər Əsədov yeni tətbiq edilmiş mexanizm haqda danışır: əvvəlki sistem ləğv edilib, indi pullar Kənd Təsərrüfatı Nazirliyinə deyil, birbaşa Maliyyə Nazirliyindən yerlərdə banklara daxil olur və oradan vətəndaşların hesabına köçürülür. Və pulun alınmasından sonra vətəndaşın adı və familiyası dərhal nazirliyin saytında dotasiyaların ayrılması bölməsində əksini tapır. Vətəndaşların adları kəndlər və rayonlar üzrə sistemləşdirilib.

- Rayon seçin. İstənilən rayonun adını deyin.

- Quba.

- Hansı kənd?

- (Bir anlıq fikirləşirəm və nəyə görəsə keçmiş müdafiə naziri Səfər Əbiyevin kəndinin adı yadıma düşür - 2-ci Nügədi. Qəribədir, bu nə assosiativ düşüncə idi?)
 
H.Əsədov uyğun qrafada kəndin adını yazır, dərhal həmin kəndin dotasiya alan bütün sakinlərinin adları çıxır.

- Mən sizə təklif edirəm jurnalist təhqiqatı aparasınız. Həmin kəndə gedin və özünün yoxlayın-bu adları göstərilən vətəndaşların hamısı dotasiya alıb, ya yox? (Nazir bunu deyim gülümsəyir). Avropa İttifaqının mütəxəssisləri tətbiq olunan bu sistemi öyrəniblər və bizə bu cür yüksək şəffaflığa, hesabatlılığa görə təşəkkür ediblər. Sizi əmin edirəm-bu sistem bizim fəxrimizdir. Əgər siz heç olmasa bir korrupsiya faktı aşkar eləsəniz, xahiş edirəm dərhal bizə çatdırın. Bu sistemin tətbiq olunmasından sonra dotasiyaların ayrılmasına insan müdaxiləsi faktiki olaraq istisna edilib.

- İndi rayonlarda iri aqroklastelərin yaradılması prosesi gedir, torpaqlar iri sahibkarların əllərində cəmləşir. Necə fikirləşirsiniz, bu proses kiçik və orta fermerləri sıradan çıxarmayacaqmı, onlar həmin iri sahibkarlarla, inhisarçılarla rəqabətə davam gətirə biləcəklərmi?

- Əlbəttə, mən kiçik və orta fermerlərə dəstəyin tərəfdarıyam,  çünki məhz onlar ümumi daxili məhsulun formalaşmasında əsas rol oynayırlar. Əgər biz hətta dünya praktikasına nəzər salsaq ən inkişaf etmiş ölkələrdə belə dövlət kiçik və orta fermerlərə ciddi dəstək verir.

Məsələn, biz heyvandarlıq bazası yaratmışıq, bununla yanaşı kiçik fermerləri də dəstəkləyirik-onlar adambaşına 10-15 baş heyvan alırlar.

- Bu il ölkədə nə qədər taxıl istehsal olunacağı gözlənilir? Proqnozlar var?

 - 2.7 milyon tona yaxın.

- Bəs bu taxılın hansı hissəsini ərzaq buğdası kimi istifadə edib əhalinin tələbatına yönəltmək mümkün olacaq?

- Ölkə əhalisinin sayının artmasına baxmayaraq, gözləyirik ki, ən azından taxıl idxalının həcmi azalacaq. Açıq deyirəm, bu məsələdə dəqiq hesabat aparmaq lazımdır. Və mən bu təşəbbüslə çıxış etdim, hazırda biz məsələni müzakirə edirik. İkincisi, ayrılmış yeni subsidiyaların hesabına bu hesabatın formalaşdırılması mexanizmini işləmək tələb olunur.

Buğda və arpa istehsalına biz fərqli subsidiyalar ayırırıq. Buğdaya hər hektar üçün 90 manat, arpaya 50 manat nəzərdə tutulub. Və biz burada müxtəlif problemlərlə qarşılaşırıq. Elektron müşahidə sistemi taxılı arpadan ayırmağa imkan vermir və bəzi fermerlər arpanı buğda kimi qələmə verib daha çox subsidiya almağa çalışırlar. Və biz ötən ilki monitorinq zamanı bu çatışmamazlığı aşkar elədik, hansı ki, bunun qarşısını almaq lazımdır.

Ona görə də biz təklif etmişik ki, buğdaya və arpaya eyni həcmdə subsidiya ayrılsın-70 manat. Belə olsa hesabat mexanizmini asanlaşdırmaq olar.
 
Əlbəttə, biz ərzaq buğdasına olan tələbatımızı tam təmin edə bilmirik. Lakin bildiyiniz kimi heç ən inkişaf etmiş ölkələr belə özlərini aqrar məhsullarla yüz faiz təmin edə bilmirlər. Bizim ictimai şüurda belə yanlış təsəvvür var ki, biz özümüzü kənd təsərrüfatı məhsulları ilə tam təmin etməliyik. Axı dünyada belə presedent yoxdur.

Lakin cənab prezident bizim qarşımızda dəqiq hədəf qoyub-ölkəni kənd təsərrüfatı məhsulları ilə maksimum daxili istehsal hesabına təmin etmək. Söhbət ilk növbədə heyvandarlıq məhsullarından, ətdən, yağdan, un məmulatlarından gedir.

- Yeri gəlmişkən, heyvandarlıq haqda. Düzdürmü ki, tezliklə Azərbaycanda qoyun əti qıtlığı yaranacaq? Deyilənə görə bunun səbəbi Azərbaycandan qoyunların Fars körfəzi ölkələrinə ixracı ilə bağlıdır, hansı ki, nəticədə ölkə daxilində qoyun əti qıtlığı və bahalıq yaradıb?

- Təəssüf ki, bir çoxları öz analizlərini yanlış informasiyalar üzərində qurur. Əgər biz hətta başqa ölkələrə ət ixrac ediriksə, buna ancaq sevinmək lazımdır, çünki ölkəyə valyuta gəlir. Lakin bu deyilənlər doğru deyil. Budur, rəqəmlər mənim qarşımdadır. (Nazir qarşısındakı kağız qalağından hesabatlardan birini çıxarır, söhbəti davam etdirir)

Son 7 ayda Azərbaycandan ət idxalı 49 faiz artıb.

-Axı bu özü yüksək göstəricidir?!

- Çox yüksəkdir.

-Bəs ixracın artması daxili bazarda qiymətləri artırmayacaqmı?

- Yox. Əlbəttə, istehsalçılar əsasən xarici bazarlara, ixraca kökləniblər. Çünki böyük gəlirlər əldə edirlər. Bəli, bunun qiymətlərə təsiri ola bilər və bu, dünya praktikasında da belədir. Lakin əvəzində makroiqtisadi artımı stimullaşdırır, manat sabitləşir və daxili bazar sabitləşir.

Başqa rəqəmlərə də nəzər salın. Bunlar Gömrük Komitəsinin təqdim etdiyi balans staistikasıdır. Biz daha çox pomidor ixrac edirik. İlin 7 ayında pomidor ixracının həcmi 127 milyon manat olub.

- Yəqin pomidorları əsasən Rusiyaya ixrac edirik...

- Bəli, əsas hissəsi Rusiyaya gedir.

-Belə çıxır ki, Rusiya bazarında Türkiyə pomidorlarını Azərbaycan pomidorları əvəzləyib?

- Yox, biz Türkiyənin əvvəllər Rusiyaya ixrac etdiyi pomidorun həcmində ixrac edə bilmərik. O vaxt söhbət 500-600 min tondan gedirdi. Bizim ixrac potensialımz isə hazırda 250-270 min tondan çox deyil. Ona görə də biz türk pomidorlarının hamısının yerini doldura bilmərik, ancaq Rusiya bazarında öz layiqli yerimizi tuturuq.

 

 

Beləliklə, biz ət ixracını xeyli artırmışıq, lakin bu elə total miqyas almayıb ki, sizin dediyiniz kmi daxili bazarda qıtlıq yaratsın. Digər tərəfdən Avropa İttifaqı ölkələrinə və digər qabaqcıl ölkələrə ixrac problemli məsələdir, çünki bizim laboratoriyalarımız gərək ən yüksək standartlara malik olsun. Hazırda biz belə laboratoriyanın tikintisini başa çatdırmaq üzrəyik. Cənab prezident vəsait ayırıb və biz bu vacib layihəni reallaşdırırıq. Bizim laboratoriyamıza baxmaq istəməzdiniz?

- Böyük maraqla, məmuniyyətlə!

- Əminəm ki, bizim laboratoriyamıza baxandan sonra siz bir çox şeylərə fərqli nəzərlə baxacaqsınız və bir daha mənimlə söhbət etmək istəyəcəksiniz. Bizim laboratoriyamız akreditasiyadan keçib və Avropa İttifaqı, digər inkişaf etmiş ölkələr tərəfindən tanınıb. Üç il ərzində biz bu çoxşaxəli sistemi yaratmışıq. Bilirsiniz, mən KİV-lərin ittihamlarına heç vaxt cavab vermirəm. Amma hər şeyin həddi var axı. Son illərdə nə qədər işlər görmüşük, əvəzində nə eşidirik? Haqsız tənqid? Bundan sonra adamın əl-qolu yanına düşür. Ona görə də bu dəfə qərara aldım ki, cavab verim.
 
BAKU.WS