SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği yüksəkdir. Hətta o qədər yüksək ki, cərimələr əhalinin orta gəlirinə uyğun götürülməyib.

BAKU.WS
xəbər verir ki, bunu ekspertlər də bildirir. Hesab edirlər ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan istənilən cərimənin məbləği əməkhaqqına adekvat deyil.

Yol hərəkəti qaydalarını pozmağa görə cərimələrin məbləği 10 manatdan başlayaraq 4000 manata qədər gedir. Təbii ki, bu cərimələrin məbləği növünə görə dəyişir.

Məsələn, 60 manatlıq cərimə növü var. Bir sürücü ayda ən azı 3-4 dəfə hansısa yol hərəkəti qaydasını pozarsa və 60 manatdan olan cəriməni ödəyərsə, bu, ayda 180-240 manat pul edir.

Başqa sözlə, aylıq gəliri 350-400 manat olanlar üçün bu, heç də büdcəyə uyğun deyil. Əlbəttə ki, 100 manat və daha yuxarı məbləğlərdə də cərimələrin tətbiqi əhalinin gəlirlərinə adekvat olmur.

“10 min manatlıq cərimə…”

BAKU.WS-in verdiyi məlumata görə, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, Azərbaycanda müvafiq cərimələr həddən artıq yüksəkdir. Azərbaycanda sürücülər üçün 10 manatlıq cərimə var:

“Sürücünün sürət həddini 10-20 kilometr rastlaşmaya görə, eləcə də parklanma qaydalarının bəzilərinə görə də 10 manat cərimə nəzərdə tutulub. Avtomobildə dərman qutusundan istifadə etməməyə görə də 10 manat cərimə tətbiq olunur.

Dayanma-durma ilə bağlı 20 manatlıq cərimələr var. Cərimələr çox fərqlidir. 10 manatdan başlayır və sürücünün törədə biləcəyi konkret elə xəta var ki, 4000 manata qədər cərimə tətbiq olunur. Qayda pozuntuları fərqli olduğuna görə orada cərimələrin məbləği də fərqlidir. Hər qayda pozuntusuna görə uyğun yanaşmaq lazımdır.

Cəmiyyətdə fikirlər və yanaşmalar da eyni deyil. Təkcə yol-hərəkəti qaydalarına görə deyil, digər cərimələr də daha çoxdur.

Əhalinin diqqətini daha çox yol-hərəkəti qaydaları cəlb edir. Məsələn, küçələrdə quraşdırılan reklam qurğularını icazə almadan dəyişməyə görə 10 min manat cərimə var. Bu fantastik və heç kimə gərək olmayan bir şeydir”.

Ekspert vurğulayıb ki, cərimələrin məbləği ilə bağlı adekvatlıq və optimallıq yoxdur:

“Cərimə məbləğləri müəyyən edərkən sanksiyanın mahiyyəti, onun hüquq pozuntusunun törədilməsinə, törədilmə şəraitinə təsiri tam təhlil olunmur, nəzərə alınmır. Belə problemlər var.

Hətta bu zaman sanksiyaya məruz qalacaq fiziki və hüquqi şəxslərin maddi durumu və bu sanksiyalar tətbiq olunandan sonra onların məruz qalacağı itkilər nəzərə alınmır. Bu məsələdə çox ciddi boşluqlar var. Bir sözlə, sistemsizlik mövcuddur”.

“Hədəfləyici nəticələrə gedəkmi?”

Ərşad Hüseynov hesab edir ki, tək yol hərəkəti qaydaları deyil, ümumiyyətlə, sanksiyanın həddi müəyyən olunarkən onun səmərəliliyi, yəni hədəflədiyi nəticələr önə çəkilməlidir:

“Hədəfləyici nəticələr də nədir? Adamı hüquq pozuntusundan çəkindirmək, amma onu bu zaman müflis eləməkdir.

Çünki cərimədən söhbət gedirsə, bu fiziki şəxsə, hüquqi şəxsə və təşkilata da tətbiq olunur.İkincisi, həmin sanksiyanın ödənilə bilən olmasıdır.

Elə cərimələr var ki, onu hər hansı hüquqi şəxsə tətbiq etsək, onu ödəyə bilməyəcək. Çünki həmin hüquqi şəxsdə bu məbləğdə sərbəst vəsait yoxdur. Bu hardasa əmlakını satıb, cəriməsini ödəməlidir.

Amma bu da heç kimə lazım deyil. Təsəvvür edin ki, sürət yarışı təşkil edib avtoxuliqanlıq edən şəxs üçün 2000 manatdan 4000 manata qədər cərimə və 3 ay həbs var.

Düzdür, həbs alternativdir. Tutaq ki, məhkəmədə müəyyən ediblər ki, bu adamın pulu yoxdur, demək ki, onu həbs etməlidirlər.Amma məhkəmə onu həbs etmədi. Yaxud da elə bir adam ola bilər ki, onu həbs etmək olmaz. Qanunda da belə şeylər var.

Onda ona cərimə təyin edilir. O adam həmin cəriməni necə ödəsin?

Avtoxuliqanlıq olmasın, başqa bir şey olsun, söhbət ondan gedir ki, sanksiya o vaxt səmərəli olur ki, hüquq pozuntularının qarşısının alınmasında insanları, təşkilatları bu pozuntulardan çəkindirmək real rol oynayır.Bu zaman onun icra edilməsi mümkün olur və tətbiqetmə imkanları olur.

Həmçinin tətbiqetmə zamanı insan müflis olmur.Bundan ötrü isə məsələlər araşdırılmalı, hesablanmalı və təhlil edilməlidir.

Cərimələri qaldırmağın məqsədi kimisə qorxutmaq yox, məsuliyyət hissini artırmaq olmalıdır.Tutaq ki, 100 manatlıq cərimədənsə, 20 manatlıq cərimə tətbiq olunar və hüquq pozuntusunu törədən hər kəsə bu cərimə şamil olunar.Hamı bilər ki, hüquq pozuntusunu törədəndə 20 manatlıq cərimə mütləq olacaq.

Amma 100 manatlıq cərimə tətbiq ediləndə, az qala şəxsin aylıq qazancının dorddə biri gedir”.

BAKU.WS