VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xüsusilə son illər gənc oğlanların özlərindən yaşca çox böyük qadınlarla evlənməsi halları artıb. Amma cəmiyyətin bu cür hallara münasibəti birmənalı deyil.

Əksəriyyət belə münasibəti hələ də qəbul edə bilmir. Çoxlarının fikrincə, kişi evlənəcəyi xanımdan yaşca böyük olmalıdır. Bəs əslində doğru hal hansıdır? Niyə oğlanlar özlərindən yaşca böyük qadınlarla ailə qururlar? Daha çox hansı xasiyyətli oğlanlar bu cür addım atır?

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, psixoloq Səbinə Bayramova məsələnin psixoloji məqamlarına aydınlıq gətirib.

Bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, cəmiyyətdə yayılmış bir fikir var ki, kişi qadından bir neçə yaş böyük olmalıdır. Əslində isə evlilik psixologiyasında daha çox psixoloji yaş önəmlidir: "Bəzi cütlüklər arasında bir neçə yaş, bəzilərində isə 8-10 yaşa qədər olur. Əslində isə evlilik psixologiyasında, daha çox psixoloji yaşın önəmindən söhbət aça bilərik. Çünki bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür. Evlənəcək şəxslərin psixoloji özəlliklərini müəyyənləşdirən isə bioloji yaş deyil. Onların yetişmə tərzi, təhsil vəziyyəti, yetişdiyi ailə, ortamdır".

"Böyümək" psixoloji yetkinlik demək deyil

Mütəxəssis deyir ki, evlilikdə şəxslərin bioloji yaşı yox, psixoloji yaşı əsas rol oynayır: "Məsələn, eyni yaşda olan cütlüklərin birinin uşaq xarakterli, digərinin daha yetkin şəxsiyyətə sahib olduğunu tez-tez görürük. Bu da əlbəttə, münasibətin, evliliyin hüzurlu davam etməsinə mane ola biləcək özəlliklərdəndir. Cəmiyyətimizin gəldiyi bir qənaət var ki, insan yaşa dolduqca bu yaşlılıq onun yetkinliyinin göstəricisidir. Amma bu yanaşma heç də doğru hesab olunmur. Çünki "böyümək" heç də psixoloji yetkinliyi öz bərabərində gətirmir".

Bu tip oğlanlar anasız qərar verə bilmirlər

S.Babayeva qeyd edir ki, oğlanların özlərindən yaşca böyük qadınla evlənmək istəmələri şüuraltı olaraq oğlanın anasının göstərdiyi qayğını həmin qadında axtarması ilə bağlıdır: "Bəzən analar fəxr ilə deyirlər ki, oğlu anasından asılıdır, anasız qərar vermir. Amma bu, heç də fəxr olunası bir durum deyil. Hazırda mütəxəssislər, psixoloqlar 15 yaşlı yeniyetmə oğlanın anasından hədsiz dərəcədə asılı olmasını yaxşı hal kimi dəyərləndirmirlər. Bu, ana üçün qürur, fəxr, xoşbəxtlik sayılmamalıdır. Çünki həmin oğul 20-30 yaşa çatanda 40 yaşlı qadını sevməyə maraq göstərə bilər. Yaxud azyaşlı uşaq orta məktəbdə müəlliməsini sevməyə başlaya bilər. Bu da platonik məhəbbət hesab olunur. Çünki bizim cəmiyyətdə sosial, ictimai qınaq olduğuna görə, xanımlar özlərindən yaşca kiçik oğlanlarla sevgi yaşamaqdan qaçırlar, istəsələr də yaşamırlar bunu. Buna görə də elə həmin oğlanların özü də bundan məyus ola bilərlər. Bunu analar nəzərə almalıdır.

Son zamanlar özlərindən yaşca böyük qadınlarla evlənən oğlanların sayı az deyil və əvvəlki illərə nisbətən artır. Bu hal dediyim kimi, daha çox analarla bağlıdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsiz olur. O sevgi nə qədər güclüdürsə, özündən böyük qadınlara da meyl o qədər artır. Bir ana oğlunu həddindən artıq özündən asılı edirsə, o, anasına düşkün olur. Həmin oğlan sevdiyi insana da bu cür bağlanmağa başlayır. Adətən də yaşı yuxarı qadınlara maraq göstərməyə başlayırlar".

BAKU.WS