VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Günəşin səthində böyük bir ləkə tapılıb. Bu ləkənin Yer kürəsindən 19 dəfə böyük olduğu bildirilir.

Xarici mətbuatın məlumatına görə, bu barədə NASA açıqlama yayıb. Məlumatda bildirilir ki, ləkənin ölçüsünün böyüklüyü Günəşdə təhlükəli partlayışa səbəb ola və Yer kürəsində rabitə sistemlərinə zərər verə bilər. Partlayışın bir başqa ziyanı isə atmosferə radioaktiv maddələr axını yaratması ehtimalıdır.

NASA-nın rəsmi saytında qeyd olunan məlumata görə, 5-11 iyul tarixlərində Günəşdə müəyyən radioaktiv aktivlik qeydə alınıb. Onun səthindəki Yer kürəsindən böyük ləkənin genişləndiyi bildirilib. Rəsmi məlumata görə, uzun müddət səthində tam sakitlikdən sonra son iki gündə bir cür ləkə görünməyə başlayıb. Günəşin son 11 illik sakit dövründə minimuma yaxınlaşarkən böyük ləkələrin qeydə alınmadığı vurğulanıb.

BAKU.WS bildirir ki, Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov publika.az-a açıqlamasında Günəş səthindəki dəyişiklikləri Yer üçün təhlükəsindən danışıb: "Hazırda Günəş minimumdadır və tamamilə sakitdir. Nadir hallarda Günəş səthində maqnit ləkələri əmələ gəlir, 3-4 perioda onlar da yoxa çıxır. Günəşin böyüyəcəyi, Yerə təsir edəcəyi, Yupiterin Günəşi əvəz edəcəyi və s. bu kimi məlumatlar həqiqəti əks etdirmir. Bu gün səhər tezdən Günəşə baxmışam, səthində iki balaca ləkə var. O da adi qaydada olan ləkədir. Adətən, Günəşdə aktivlik 11 ildən bir olur. Hazırda Günəşdə tam sakitlikdir. Qrup ləkələr əmələ gələndə onlarda güclü maqnit sahələri ola bilir. Bu zaman plazmada qısaqapanmalar olur və alışmalar əmələ gəlir. Bir neçə saniyədə güclü enerji atılmaları baş verir, bu zaman onlar Yer səthinə də gələ bilər. Lakin onlar Yerə çatana qədər məhv olur. Günəşdən atılan plazmalar Yerin maqnit sahəsinə çırpılsa, maqnit təlatümləri və qasırğaları əmələ gətirir. O da aktivlik maksimumda olanda baş verə bilər. Günəşdə aktivlik 5-6 il sonra olacaq. O zaman Günəş maksimuma yaxınlaşacaq, həm ləkələrin sayı, həm də sahəsi və gücü çoxalacaq. Hətta Yer kürəsi boyda ləkələr ola, tac dəlikləri yarana bilər. Hazırda Günəş səthində olan balaca ləkələrin Yer üçün təhlükəsi yoxdur. Onların alışma yaratmaq ehtimalı sıfıra bərabərdir".

N.Cəlilov 5-6 il sonra Günəşdə baş verəcək aktivliyin də Yer üçün ciddi bir təhlükə yaratmayacağını düşünür: "Günəş ətrafında Yer planeti milyon illərdir mövcuddur. Düzdür, inkişaf, dəyişiklik baş verir. Amma bu çox yavaş sürətlə olur. Yarım milyard ildən sonra Günəşin həcmi bir az böyüyə bilər. Onun Yerə təsirinin olub-olmayacağını indidən demək çətindir. Lakin yaxın bir neçə milyon ilə bizə Günəşdən heç bir qorxu yoxdur".

Hər gün Günəş səthini izlədiyini deyən N.Cəlilov Günəşdəki maqnit sahələrinin çox zəif olduğunu vurğulayıb: "Günəşin fırlanması nəticəsində həmin ləkələr Yerdən əks tərəfə gedir. Onlar bir neçə period yaşayacaqlar. Günəşin fırlanması 27 sutkadır. O 2-3 dəfə fırlanandan sonra ləkələr yoxa çıxacaq. Onun yerinə başqaları da yarana bilər. Aktivlik aşağı olanda bəzən Günəş səthində heç bir ləkə müşahidə edilmir".
 
BAKU.WS