VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda yataqxana binasında uçqun olub.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Cavanşir küçəsi, 10 ünvanında baş verib.
 
Əvvəllər H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus olan, daha sonra isə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilən beşmərtəbəli yataqxana binasının 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçub. Arakəsmənin uçduğu hissədə yataqxananın mətbəxləri yerləşir.
 
1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binaya baxış keçiriblər, mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə və yerli icra strukturlarına xəbərdarlıq edilib. Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib. Lakin yataqxana sakinləri bağlanmış mətbəxləri özbaşına açaraq, onlardan istifadəni davam etdiriblər.
 
Martın 28-də isə qəfildən mərtəbələr arasındakı beton panellər uçub. Həmin vaxt 3-cü və 4-cü mərtəbələrdəki mətbəxlərdə heç kim olmadığından, zərər çəkən olmayıb.
 
Uçqundan sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev binada olublar. Binanın girişlərindən biri bağlanıb, polis postları qurulub. Martın 29-da Fövqəladə hallar üzrə Dövlət Komissiyasının nümayəndələrinin də hadisə yerinə baş çəkəcəyi gözlənilir.
 
Qeyd edək ki, vaxtilə yataqxanada 160 ailə yaşayıb. Mərhələli şəkildə 140-a yaxın ailə köçürülsə də, 20 ailə hələ də yataqxanada yaşamaqda davam edir . Onların da köçürüləcəyi gözlənilir.
 
BAKU.WS