SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçısı 24 dekabr 1961-ci ildə Bakıda anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

BAKU.WS