VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.

BAKU.WS xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlətimizin başçısına Aqropark barədə məlumat verdilər.

Bildirildi ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq.

Qeyd edək ki, hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar əsasən ixrac edilir. Görülən işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7 min ton və ya 184,2 milyon dollar təşkil edib. Son illərdə regionlarda və Bakı şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib.

Diqqətə çatdırıldı ki, “BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb.

Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Kompleksin texniki zonasında su, gübrə çənləri qoyulub, qazanxana və sutəmizləmə sistemi quraşdırılıb. İstixananın suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan ekoloji təmiz məhsullar istehsal edilir. Daha bir üstün cəhət isə istehsal prosesinin tam avtomatlaşdırılmasıdır. Bu isə öz növbəsində yerli mütəxəssislərin intellektual və peşəkarlıq səviyyəsinin artırılmasını, bu sahədə yüksək ixtisaslı kadrların formalaşmasını şərtləndirir. Kompleksin idarə olunmasında və yerli kadrların yetişdirilməsində Avropa mütəxəssislərinin xidmətindən istifadə olunur. Burada yüksək əmək təhlükəsizliyinə və gigiyenik-sanitar normalara riayət olunur, işçilərin işə gətirilməsi, aparılması və nahar yeməyinin verilməsi təmin edilir. İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə əsasən ixrac edilir.

Bu müəssisənin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixracyönümlü məhsullarının sayının və çeşidinin artırılmasında da rol oynayır. Belə layihələrin icrası həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir. Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.

Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Səməd Qurbanov prezident İlham Əliyevin kürəkənidir. 

BAKU.WS