SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dövlət başçısı İlham Əliyev "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Bu sənəddə qeyd edilir ki, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.
 
Bəs Azərbaycan İpoteka Fondu ASC-nin yaradılması ilə nə dəyişəcək? Bu sualı cavablandıran "Value and Sources" MMC-nin eksperti Rəşad Əliyevin sözlərinə görə, əvvəlki qurumdan fərqli olaraq fond hər-hansısa qurumun struktur vahidi kimi yox, məhz müstəqil hüquqi şəxs (ASC kimi) kimi fəaliyyət göstərəcək. İlk dəfə olaraq ipoteka ilə alınan mənzillərin 1 kv.m. qiymətinə məhdudiyyətlər tətbiq ediləcək:
 
"Belə ki, alınacaq yaşayış sahəsinin 1 kv.m. qiyməti ipoteka kreditinin verilmə tarixinə həmin satış ərazisində (zona üzrə) 1 kv.m.-in orta bazar qiymətindən artıq olmamalıdır. Orta qiymət zonalar üzrə müəyyən ediləcək və onun müəyyən edilməsi qaydasını Nazirlər Kabineti 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq edəcək. Bazar dəyərinin dəyişkənliyini nəzərə alanda belə başa düşmək olar ki, müəyyən edilmiş göstəricilər dövrü olaraq yeniləcək. Dəyər məhdudiyyəti ancaq ekonom sinfinə aid və orta yerləşmə şəraiti olan mənzillərin alışına şərait yaradacaq. Çünki yüksək sinifə və yaxşı yerləşməsi olan mənzillər 1 kv.m.-in qiyməti orta bazar qiymətindən yüksək olur. Burda müsbət cəhət odur ki, bu sui-istifadə hallarını azaldacaq. Bununla yanaşı güzəştli şərtlərlə dəbdəbəli mənzil alışının qarşısını alınacaq".

Bununla yanaşı kredit təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilə bilər. 
 
İqtisadçı bildirir ki, fərmanın 4.2. maddəsində göstərilir ki, Nazirlər Kabineti çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

"Burdan belə başa düşmək olar ki, ipoteka kreditləri tikintisi başa çatmış mənzillərə veriləcək (əvvəl guman edildiyi kimi eyni zamanda yarımçıq tikililərə yox). Buna görədə NK-nə tapşırılır ki, tikintiyə icazələrin və binaların istismara qəbul edilməsi prosedurlarını sadələşdirsin. Yarımçıq tikililərə ipoteka kreditlərinin verilməsi imkanları uzaq gələcək üçün saxlanılır".
 
R.Əliyevin sözlərinə görə, ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının həcmi "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1105-IVQ nömrəli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınacaq.
 
Şahin Həbibov
BAKU.WS