SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Dünya enerji bazarındakı qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaradır".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. O bildirib ki, qlobal və regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam edir.

Nazirin sözlərinə görə, xam neftin qiymətinin 2 dəfədən çox enməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı məhz qeyri-neft sektoru hesabına inkişaf edir: "Əgər 2009-cu ildə ÜDM-də qeyri-neft sektorunun payı 47 faiz idisə, 2014-cü ildə 61 faiz təşkil edib. Strateji valyuta ehtiyatları, xarici borclanmaya konservativ yanaşma da Azərbaycan iqtisadiyyatının dayanıqlılığına öz töhfəsini verir.

Dövlət başçısının qeyd etdiyi kimi: "Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik”.
Dünyadakı mənfi iqtisadi tendensiyalar fonunda investisiyalar uğrunda rəqabət kəskinləşir. Belə şəraitdə Azərbaycan iqtisadiyyatına xarici investorlar tərəfindən sərmayə qoyulması davam edir və bu ilin ötən dövründə ölkə iqtisadiyyatına yatırılmış investisiyaların əhəmiyyətli hissəsinin xarici sərmayələr təşkil etməsi investorların Azərbaycana inamının ifadəsidir".

 
Şahin Mustafayev bildirib ki, təkcə 2015-ci ilin 9 ayı ərzində 200-dən çox sənaye müəssisəsi və obyekti istifadəyə verilib, 10 elektrik yarımstansiyası fəaliyyətə başlayıb. Hazırda dövlətin maliyyə dəstəyi ilə özəl sektor tərəfindən 20-yə yaxın sənaye müəssisəsi inşa olunur.
 
 
"Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi artmışdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur və bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Rəqabətədavamlı məhsul istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və qablaşdırmanın aparılması ixracın genişlənməsinə yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır", - deyə nazir əlavə edib.

ŞAHİN Həbibov
BAKU.WS