SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan prezidenti İlham Əliyev Kayseridə baş verən terror aktı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərib.
 
BAKU.WS-in məlumatına görə, İlham Əliyev mesajında terror aktında türk əsgərlərinin şəhid olmasından son dərəcə kədərləndiyini bildirib.

Yaşanan faciə səbəbiylə Ərdoğana, həyatını itirənlərin ailələrinə və yaxınlarına və türk xalqına Azərbaycan xalqı adından başsağlığı diləklərini çatdıran İlham Əliyev mesajında ​​bu ifadələrə yer verib:

"Bu qanlı hadisəni lənətləyirəm. Dəhşətli bəlaya çevrilən terrorla mübarizədə sizi dəstəkləyirəm. Daima qardaş Türkiyənin yanındayıq".

Azərbaycan müdafiə naziri Zakir Həsənov da terror aktı ilə bağlı Türkiyə Milli Müdafiə naziri Fikri İşıq və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akara başsağlığı mesajı göndərib.

Nazirliyinin rəsmi internet saytında yayımlanan mesajda deyilir: "Terror hücumunda əsgər və vətəndaşların şəhid olmasından son dərəcə məyus olduq. Bu dəhşətli hadisə bizi çox qəzəbləndirdi. Terroru şiddətlə qınayırıq. Terrora qarşı mübarizədə daim qardaş Türk Silahlı Qüvvələrinin (TSK) yanındayıq və TSK-ni bütün gücümüzlə dəstəkləyirik."
 
Qeyd edək ki, Azərbaycanın Türkiyəyə bu ağır günlərində verdiyi dəstək ölkə mətbuatında da geniş işıqlandırılıb. Türkiyənin nüfuzlu qəzetləri bu xəbəri manşetə çıxarıb.

Şahin Həbibov
BAKU.WS