SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mənzil İnşaatı Dövlət Agentliyinin Bakıda sosial mənzillərin tikintisi üçün torpaq sahəsi ayırması çox yaxşı haldır. Amma belə şəhərciklər təkcə Bakıda yox, regionlarda da inşa edilməlidir. Çünki sosial mənzillərə ən çox ehtiyacı olanlar məhz bölgə camaatıdır. Aztəminatlı ailələrin də əksəriyyəti məhz regionlarda yaşayır. Lakin bunun üçün dövlətə külli-miqdarda vəsait lazımdır ki, həmin mənbənin tapılması bir az problemlidir.

BAKU.WS-in məlumatına görə, bu barədə Milli.Az-a daşınmaz əmlak məsələləri üzrə iqtisadçı-ekspert Rəşad Əliyev aztəminatlı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə edə biləcəyi şəhərciklərin inşasına başlanmasını şərh edərkən bildirib.

Onun fikrincə, Bakıda ayrılmış ərazidə şəhərciyin tikilib təhvil verilməsi üçün ilyarım - iki il vaxt lazım gələcək: "Yəqin ki, inşa edilən mənzillər insanlara hazır vəziyyətdə təqdim olunacaq. Çox güman ki, sosial mənzillərin verilməsi qaydaları da o vaxta kimi dəqiqləşəcək".

R.Əliyev hesab edir ki, məhz bu qaydalar təsbit olunduqdan sonra mənzillərin kimə və hansı şərtlərlə veriləcəyi, ödənişin ümumi prinsipləri bəlli olacaq: "İlk növbədə mənzilləri kimlərin ala biləcəyi, ikincisi, mülkiyyət məsələsi, aylıq ödənişlərin nə qədər və hansı müddətədək olacağı, pulun qaytarılması mexanizmi müəyyənləşməlidir. Böyük ehtimalla mənzilə görə ödənişlər 20-30 il arası müddətə olacaq. Axı sosial mənzillərin büdcə hesabına tikilməsi o demək deyil ki, həmin vəsait batmalıdır. Onun qaytarılması da təmin edilməlidir".

Ekspert qeyd edib ki, sosial mənzillərin tikilib istifadəyə verilməsi mövcud əmlak bazarına təsir etməyəcək: "Əgər sosial mənzillər ev almaq imkanı olmayan şəxslərə veriləcəksə və bu prosesə ciddi nəzarət olunacaqsa, o zaman deyilən sayda mənzilin istifadəyə verilməsi daşınmaz əmlak bazarına təsiri olmayacaq. Çünki həmin mənzillərin sahibləri onsuz da əldə real pulla əmlak bazarına müştəri qismində çıxmaq imkanında olmayan insanlar olacaq. Əgər mövcud makroiqtisadi şərait dəyişməsə, əmlak bazarında durğunluq hələ bir müddət də davam edəcək".

İqtisadçının sözlərinə görə, əsas məsələ həmin mənzillərin tikintisi üçün lazım olan vəsaiti tapmaqdır: "Mənzillərin tikildiyi şəhərcikdən gəlir əldə oluna bilməz. Çünki bu sosial layihədir. Onun pulu 20-30 ilə qayıdacaq. Əgər deyildiyi 2 min mənzil tikiləcəksə, buna ən azından 50-60 milyon manat vəsait lazım olacaq. Əgər bunu özəl tikinti şirkəti tiksəydi, mənzilləri satıb, əldə etdiyi vəsaiti yenidən tikintiyə sərf edərdi. Amma burada belə bir mexanizm mümkün deyil. Yəni burada mənzillər tam tikilib hazır olandan sonra vətəndaşlara güzəştli şərtlərlə satılacaq. Ona görə də layihənin reallaşması üçün ciddi maliyyə resurslarına ehtiyac var".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olacağı ilk şəhərciyin salınacağı ərazi müəyyən edilib. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə tikiləcək.

Seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün artıq şəhərsalma əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir. Tezliklə tikintinin işçi layihəsinin hazırlanmasına başlanılacaq və layihələndirmə işləri bitdikdən sonra dərhal inşaata start veriləcək. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.

BAKU.WS