SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Nizami rayonu, R.Rüstəmov küçəsində 5 binanın sakinləri yaşadıqları binanın qarşısında tikinti aparılmasına etiraz edirlər. Onlar 12, 14, 16, 24, 26 nömrəli binaların qarşısında yerləşən meydança və istirahət parkının gürcüstanlı iş adamı tərəfindən alındığını və orada çoxmərtəbəli bina tikiləcəyini bildirirlər.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və bina sakinlərinin şikayətini dinləyib.

Sakinlər 10 gündür ki, həmin şəxsin günorta saatlarında binalarının qarşısında tikinti aparılacaq ərazidə ölçü işləri apardığını bildiriblər. Bir neçə binanın yeganə istirahət yerini zəbt etmək istəyən şəxslə isə bu məsələ barədə danışmaq mümkün olmayıb. Sakinlər onunla görüşmək istəsələr də, o, avtomobilinə minərək ərazidən uzaqlaşıb.

Etiraz edən sakinlər bu adamın pul hesabına istədiyini həyata keçirəcəyini deyiblər: "İş adamının niyyəti burada "P” şəkilli bina tikdirməkdir. Bir dəfə ayaqüstü görüşmək şansımız oldu. Camaata yalandan dedi ki, guya 5 mərtəbəli bina tikəcək. Bu yolla camaatı sakitləşdirmək istəyir. Etiraz bildirənləri isə pulla susdurmaq istəyir. Ancaq heç kim onun təkliflərinə aldanmır. Özü də Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin müdirini ələ alıb, hər gün onun kabinetində olur. Həmin şəxs gələndə hamısı əl-ayağa düşür. Bir sözlə, pulla onları ələ alıb. Hər ağzını açanda da deyir ki, "yuxarıda "day-dayım” var. Polis gətirib, zorla da olsa binamı tikəcəyəm. Bu formada insanlara psixoloji təzyiqlər edir…

Pulu var axı... Problemlə bağlı Nizami Rayon İcra Hakimiyyətində də olduq. İcra nümayəndələri bizə bildirdi ki, həmin ünvanda heç kim tikinti işi apara bilməz. Əgər iş aparılarsa belə, sakinlərin kompensasiyası ödənilməlidir. Razılıq olmadan işin icrası mümkünsüzdür”.

Sakinlər, onların binanın tikintisinə etiraz etməməsi üçün dövlət işində işləyənlərə təzyiqlərin belə olduğunu deyiblər.

Xətai rayonunda 116 nömrəli orta məktəbdə müəllim işləyən Ələsgər Şahbazov bu prosesə etiraz etdiyi üçün işdən çıxarılma ilə hədələndiyini bildirib: "Tikinti aparılmasına etiraz etdiyim üçün Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəliyindən zəng edib bildirdilər ki, etiraz etmə, yoxsa işini itirəcəksən. Bundan əlavə, Mənzil-Kommunal Təsərrüfatı İdarəsindən məni çağırıb, "razılaşmaq” istədilər. Mən isə onlarla razılaşmadım, öz etirazımı yuxarı instansiyalara bildirəcəyimi dedim. Nə olursa-olsun, övladlarımın istirahət yerində tikinti aparılmasına yol verməyəcəyimi dedim. Burada bir neçə nəfəri bu formada qorxutmaq istəyirlər ki, heç kim etirazını bildirməsin. Ancaq bunun heç bir faydası yoxdur. Minlərlə insanın haqqını kimsə tapdaya bilməz”.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
 
BAKU.WS