VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda taksi sürücüləri arasında dava olub.
 
APA-nın məlumatına görə, hadisə "Şamaxinka” adlanan ərazidə, ölkənin şimal rayonlarına işləyən taksilərin dayanacağında baş verib.
 
Quba rayonuna sərnişin daşımaqla məşğul olan taksi sürücüsü, 1972-ci il təvəllüdlü Cəfərov Fərahim Arif oğlu digər bir neçə taksi sürücüsü tərəfindən döyülüb və bıçaqlanıb. Fərahim Cəfərov döyülmə nəticəsində ağır kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
Döyülən sürücünün yaxınları APA-ya bildiriblər ki, uzun müddət öz şəxsi avtomobili ilə Bakı-Quba-Bakı istiqamətlərində sərnişin daşıyan Fərahim Cəfərovun fəaliyyətində bir neçə aylıq fasilə yaranıb. Avtomobili sıradan çıxan sürücü onun təmiri ilə məşğul olub. Nəhayət, maşını təmir olunan Fərahim Cəfərov mayın 13-də axşam saatlarında taksi dayanacağına gəlib. Orada sərnişindaşıma ilə məşğul olan digər taksi sürücüləri onun dayanacaqda müştəri gözləməsinə etiraz ediblər. Taksi sürücüləri arasında mübahisə yaranıb. Qızışan mübahisə davaya çevrilib və bir neçə taksi sürücüsü Fərahim Cəfərova hücum edib.
 
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları gəliblər. İlkin məlumata görə, Fərahim Cəfərova xəsarət yetirməkdə şübhəli bilinən bir neçə taksi sürücüsü saxlanılıb. Hələlik onların adları açıqlanmır.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.