SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Bir neçə ay əvvəl, mənə mesaj gəlir ki, siz 1 həftəlik pulsuz "Zənglə Qazan" abunəsi qazandınız. Mən isə bu xidməti istəmədiyimi mesajla yazıb onlara bildirdim. Ancaq Azercell şirkətinin kontent provayderi olan "Novamedia" mənə artıq Zənglə Qazan xidmətinə abunə olduğumu bildirdi". 

Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini O.Məmmədov söyləyib. 
 
"Azercell müştəri xidmətlərinə zəng edib, irad tutduqdan sonra, mənə 5010 nömrəsini stop yazıb göndərməyimi xahiş etdilər və dedilər ki, daha sms gəlməyəcək. Həmin sms dan sonra, mənə düz 5 gün ərzində 8 reklam xarakterli sms gəlir. Azercell şirkətinə yenidən zəng etdikdən sonra, bu problemi araşdıracaqlarını dedilər.

Təxmini 3 həftə keçdikdən sonra, mənə Novamedia şirkətindən e-mail göndərildi və sonradan Cəmil adlı əməkdaş zəng edib mənə aydınlıq gətirmək istədi. 

Şirkət bildirir ki, açar sözlərdən kənar hansısa sözü yazsanız siz bu xidmətə qoşulursunuz. Yəni mən söyüş yazsam belə, məni istəmədiyim bir xidmətə qoşurlar. Nəticədə isə balansımdan pul çıxılır. Bunun adı isə dələduzluqdur", deyə O. Məmmədov bildirib. 
 
Şikayətçi bildirir ki, sistemi elə quraşdırıblar ki, günün istənilən vaxtı sms gələ bilər və balansınızdan pul çıxıla bilər. Artıq SMS kampaniyalarından bezdiyini deyən O.Məmmədov şirkəti məhkəməyə verəcəyini söyləyib.  
 

  

NovaMedia şirkəti mobil operatorun adından istifadı edərək bu yolla asan qazanc əldə edir. Xüsusilə, Abunə olan nömrələrdə müştərini aldatmaq daha asan olur. Belə ki, kontent şirkət sizin balansınızdan pul çıxarkən bu barədə telefonunuza hər hansı xəbərdarlıq mesajı gəlmir. Bununla yanaşı, "Novamedia" kimi "Zəngimcell" xidməti təklif edən şirkətlər sizin imtina mesajınıza görə də əlavə haqq çıxırlar. Yəni, əgər onların toruna düşdünüzsə, vəziyyətdən ziyansız ötüşməyiniz mümkün deyil.  

 

Yuxarıda gördüyünüz mesajda olduğu kimi müştəri imtina mesajı yazdığı üçün şirkət onun müraciətini qəbul etmir və əksinə onun nömrəsinə bayağı bir musiqini "Zəngimcell" kimi qoşur. Bu cür hallar müştərinin ictimai nüfuzuna xələl gətirir. Hüquqşünaslar bu kimi hallarla rastlaşanlara məhkəməyə müraciət etməyi məsləhət görür. Təsəvvür edin ki, siz nüfuzlu bir iş adamısınız və təsadüfən hanısa işini düzgün bacarmayan bir dələduz nömrənizə sizin razılığınız olmadan hansısa ara mahnısını "Zəngimcell" edir. Nömrənizə zəng edən insanlar isə sizi qeyri-ciddi biri kimi qəbul edir. Nəticə etibarilə sizin həm balansınızdan pul çıxılır, həm də çətin vəziyyətə düşürsünüz.

 

 

  

 

Bununla belə, siz xidmətdən imtina etdiyiniz halda hər gün eyni mesajlar yenə gəlməkdə davam edir. Əliniz mesajdakı hansısa düyməyə dəyərsə və bir hərf belə mesaj kimi qarşı tərəfə göndərilərsə, dərhal sizi bu xidmətə qoşacaqlar. Əslində bu xidmətə qoşulmaq üçün müəyyən olunmuş açar sözdən istifadə edilməlidir. Bu açar sözü düzgün yazmayanda isə sizə müraciətinizin qəbul olunmadığı və açar sözün düzgün yazılış qaydası göndərilir. Bu qayda "Novamedia" şirkətindən fərqli olaraq digər kontent şirkətlərdə tətbiq olunur.  

 

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) hələ bir müddət öncə mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi faktı ilə bağlı xəbərdarlıq etmişdi. Mobil operatorları diqqətli olmağa çağıran nazirlik qanun pozuntusuna yol verən şirkətlərin cəzalanacağını bildirib. Güman edək ki, nazirliyin xəbərdarlıqlarına məhəl qoymayan və müştəriləri reklam mesajları ilə daim narahat edən, ən əsası isə abunəçinin icazəsi olmadan balansdan pul çıxan bu cür dələduz şirkətlər barəsində hüquq mühafizə orqanları lazımi ölüçü götürüləcək. Bizə müraciət edən Namiq artıq bu kontent şirkətin ona vurduğu maddi-mənəvi ziyana görə məhkəməyə müraciət etməyə hazırlaşır. Yəqin ki, oxucumuz ona dəyən ziyanı ən qısa zamanda qarşı tərəfə ödətdirə biləcək.

 

BAKU.WS