SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.

BAKU.WS xəbər verir ki, bunu "APA-Economics"in sorğusuna cavab olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxac aradan qaldırmaqdır: "Xüsusən də Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından düşərək hava limanı istiqamətində hərəkət edirdilər. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olurdu. Məhz o sıxlığın aradan qaldırılması üçün “Koroğlu” stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq".

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

Tunelin tikintisinin başa çatmasına gəlincə, A.Nəcəfli vurğulayıb ki, hal-hazırda tikinti işlərinə yeni başlanılıb: "İşlərin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr də yarana bilər. Lakin bütün bunlara baxmayaraq gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub".

BAKU.WS